01/11/2020 01:32
728 x 90

Sabiq “Facebook” əməkdaşı şəbəkənin Azərbaycana düşmənçilik hərəkətlərini ifşa etdi…

Azər Həsrət: "Birmənalı şəkildə deyə bilərik ki, “Facebook” bir manipulyasiya alətidir”

img

“Facebook”un sabiq işçisi Sofia Zanqın şirkət üçün hazırladığı hesabat ifşa olunub. Hesabata görə, “Facebook” əsas diqqəti saxta hesablara yönəldərkən, xarici dövlətlərin sosial şəbəkəni siyasi məqsədlərlə, geniş formatda pis niyyətlə istifadəsinin qarşısını almaqda istəkli deyil.

Hesabatda Azərbaycan, Hindistan və Honduras kimi ölkələrə qarşı həyata keçirilən irimiqyaslı siyasi manipulyasiyaların kifayət qədər araşdırılmadığı qeyd olunur. Braziliya, İspaniya və ABŞ-da milyonlarla saxta hesabın isə ifşa olunmadığı bildirilir.

Hesabatı yazan Zanq “Facebook”un Avropa və ABŞ xaricindəki ölkələrin siyasi taleyinə təsir edə biləcək pisniyyətli fəaliyyətləri vecinə almadığını bildirir.

“Facebook”un dürüstlük üzrə sədr müavini Qay Rosen iddiaları rədd edərək, qlobal təhlükəsizliyə təhdid yaradan hesablarla maraqlandığını, bəyənmələrlə ilgilənmədiyini qeyd edib. ABŞ mətbuatında çıxan xəbərlər üzündən Zanqın sentyabrın əvvəlində “Facebook”dan qovulduğu bildirilir.

Bizim üçün hesabatda əsas diqqət çəkən məqam Azərbaycanın adının bu məsələdə hallanmasıdır. Ölkəmizlə bağlı qeyd edilən bu vacib məqamı necə dəyərləndirmək olar?

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sosial media vahidlərinin  Azərbaycan kimi ölkələrə münasibəti  heç də onların özlərinin bəyan etdiyi qaydalar çərçivəsində deyil: “Şəxsi təcrrübəmdə də bununla çox rastlaşmışam. Araşdırmalar göstərir ki, bizim kimi adamların və ya dövlətin əleyhinə olan materialların daha geniş auditoriyalara çatdırılmasında sosial media nümünələri və xüsusilə də  “Facebook” maraqlı olur. Tutaq ki, biz  hansısa şikayəti edirik. Şəbəkə həmin şikayəti qulaqardına vurur.  Şər, böhtan dolu materaillarla bağlı etdiyimiz şikayətlər də, bir qayda olaraq, qulaqardına vurulur. Ancaq bizim ermənilərlə bağlı yazdığımız hansısa bir yazı, qaydalar çərçivəsində olsa belə, cuzi şikayət əsasında dərhal bloklanır. Bununla da onların siyasətində bizim kimi ölkələrin hədəf olaraq müəyyənləşdiyi məlum olur. Belə hədəflərə qarşı da özlərinin çirkin siyasətlərini aparırlar. Bunlara əsaslanaraq sosial media vahidləri, xüsusilə də “Facebook”un qeyri-obyektiv, konkret məqsədlərə xidmət edən bir vahid olduğunu söyləyə bilərik. O qurum, faktiki olaraq, Qərbin və ABŞ-ın  əlində  dünyada baş verən proseslərlə bağlı manipulyasiya üçün nəzərdə tutulan alətdir. Hardasa bir inqilab baş verirsə və ya onun ilkin simptomları görünməyə başlayırsa, sosila media xüsusilə fəallaşmağa başlayır. Bu elə operativliklə edilir ki, adam bəzən təəccüb edir. Sosial şəbəkə vahidləri, hətta ayrı-ayrı şəxslərin və ya siyasilərin şəxsi profilinin populyarlaşmasına dəstək olur. Saxta hesablarla da bağlı onlarda ikili yanaşma var. Dəfələrlə belə hesablarla bağlı  əsaslandırılmış şəkildə şikayətlər də etmişik. Amma görürük ki, heç narahat da deyillər. Birmənalı şəkildə deyə bilərik ki, “Facebook” bir  manipulyasiya alətidir. Təəssüf ki, onların  hədəf olaraq seçdikləri ölkələr sırasında Azərbaycan da var və bundan bizə qarşı məharətlə istifadə edirlər”.

Biz bundan əvvəlki yazılarımızda qlobal sosial şəbəkə vahidləri ilə bağlı narahatedici məqamlara toxunmuşduq. Həmin araşdırmalarımızda qeyd edirdik ki, “Facebook”un Azərbaycanla bağlı siyasətində qərəz elementləri nəzərə çarpır. Xüsusilə də müxalif siyasi liderlərin məqsədli şəkildə önə çıxarılması, onların populiyarlaşdırılması siyasəti yürüdülür. Maraqlıdır ki, indi həmin iddiaları “Facebook”un öz daxilində təsdiqləyirlər. Deməli, bu amillər ölkəmizin informasiya təhlükəsizliyinə həm də təhdid yaradır.

Məhəmmədəli QƏRİBLİ 

Son xəbərlər