Rusiyanın müdafiə nazirinin gəlib-getməsindən günlər ötsə də, bu hadisənin aşağı-yuxarı bir neçə gün fərqləri ilə bəzi hadisələrlə sinxronluq təşkil etməsi ona yenidən baxmaq zərurəti doğurub.
Ermənistan Tovuzda təxribat törədir, artan gərginlik fonunda Türkiyənin regional proseslərə münasibətində nəzərəçarpan dəyişiklik və fəallaşma baş verir, əvvəllər sadəcə “Azərbaycanın ərazi bütövlüyü prinsipini tam dəstəkləyirik” deyən qardaş ölkə daha da irəli çıxır və “Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq” kimi daha dərin və konkret mövqeyə keçir, Müdafiə naziri Zakir Həsənov Türkiyə həmkarları ilə görüşdə “Azərbaycanın silahlı qüvvələri özünün tarixi vəzifəsini qardaş Türkiyənin silahlı qüvvələri ilə birlikdə həll edəcək” kimi hər kəsin tam anlaya bildiyi bəyanat verir, “Tovuzda təxribatlar daha da dərinləşəcəyi halda birgə təlim keçirən Azərbaycan-Türkiyə silahlı qüvvələri vahid komandanlıq altında koordinasiya oluna bilər” formasında aydın mesaj ötürülür, Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun timsalında vasitəçilər formatının dəyişdirilməsi və hətta Rusiyanın Türkiyə ilə əvəzlənməsi kimi ən radikal dəyişiklik variantı ortaya qoyulur, eyni vaxtda Azərbaycan-Türkiyə hərbi təlimləri və Azərbaycan-Rusiya hərbi oyunları keçirilir, Azərbaycan hazırkı formatda Minsk Qrupu və həmsədrlər formatının tam səmərəsiz olduğunu bəyan edir, nəhayət Azərbaycan Prezidenti rusiyalı həmkarına Ermənistana 400 tondan artıq hərbi təyinatlı məhsulun gizlicə daşınması faktından ictimaiyyətin hiddətləndiyini açıqca söyləyir, açıq formada izahat istəyir, ekspertlər və ictimai müzakirələr səviyyəsində Rusiyanın bu addımının təcavüzkara birbaşa dəstək kimi yozulmasına dövlət səviyyəsində heç bir maneçilik törədilmir, strateji dostluq və tərəfdaşlığa Azərbaycanın şəksiz sadiqliyinə tam əks davranışın bütün əlamətlərinin ortada olduğunu hər kəs görür. Məhz belə bir vaxtda Rusiyanın Müdafiə naziri Bakıya gəlir və Prezident Əliyevlə üz-üzə danışır. Şoyqunun Azərbaycan Prezidentinə dediklərindən - “Rusiya heç vaxt Azərbaycanın əleyhinə addım atmayıb, atmayacaq da”, sözügedən 400 ton yük barədə “102-ci baza üçün tikinti materialları daşınır və rotasiya həyata keçirilir” kimi izah verilir, “hərbi sərgidə göstərilənlər Rusiyanın ən müasir nailiyyətləridir” formasında şirnikləndirici mesaj da öz yerində...
Bütün bunların ümumiləşdirlmiş məntiqi göstərir ki, Rusiya Azərbaycan kimi güclənmiş regional lider ölkənin incik düşə bilməsinin fərqinə varır və bunun regionda hansı geosiyasi təsirlər doğura biləcəyindən ehtiyatlanır. Rusiyanı ehtiyatlandıran ən təsirli yeni geosiyasi təzahürlər Azərbaycanın regional balans kursuna əl gəzdirməsi və Türkiyənin regional oyunçu statusunun rəsmiləşdirilməsinə yeni imkanlar aça bilməsidir. Rusiyanın özü ilə bərabər İranın da bu yeni trendləri sakit seyr edəcəyini, təbii ki, gözləmək olmaz. İranın və Rusiyanın yeni regional geosiyasi təzahürlərə uyğun reaksiyalarına isə Qərbdən müəyyən qüvvələr, ilk növbədə geoiqtisadi və geosiyasi maraqları çoxdan təsdiqlənmiş ABŞ, Britaniya. Almaniya, Fransa, İtaliya səssiz qalmayacaq. Bütün bunların regionda birmənalı olaraq Rusiya və İranın heç istəmədikləri mənzərənin yaranmasına gətirib çıxaracağı şübhəsizdir. Geosiyasətdən azacıq xəbərdar olan hər kəs bilir ki, Qarabağ münaqişəsinin üstündə qaynar fazanın açılması regionumuzda yeni beynəlxalq hərbi oyunçuların peyda olması deməkdir ki, bu da ilk növbədə Rusiya və İrana heç gərək deyil. Ən azı, Suriyanın timsalında bunu gördük. Bu ölkə üzərində 2011-ci ilədək Rusiya və İranın şəriksiz təsirlərinin ABŞ və Türkiyənin hesabına necə bölündüyü hamıya bəllidir.
Heç şübhəsiz, regionumuz çox maraqlı geosiyasi transformasiyanın ərəfəsinə yaxınlaşır. Bu istiqamətdə istənilən reallaşma hamıdan çox Rusiyanın əleyhinədir. Rusiya üçün qəti arzu olunmayan belə perspektivin bütün məsuliyyəti isə məhz Ermənistanın üzərindədir. Rusiya fərqindədir ki, prosesləri bu həddə gətirib çıxaran tək Ermənistandır. Belə vəziyyətdə Şoyqunun missiyası Azərbaycanın incikliyini aradan qaldırmaq və Azərbaycana istiləşən münasibətin dərəcəsi ilə Ermənistanı qorxutmaq mühiyyətində ortaya çıxır. Rusiyada şübhə edilmir ki, indiki rəhbərliklə Ermənistan regionda onun özündən başqa kimsəyə lazım və sərfəli olmayan gərginlik artıran elementə çevrilib. Başqa sözlə desək, Ermənistan regionumuzda Rusiyanın geosiyasi ssenariləri üçün təhlükəli olmağa başlayır. Rusiya Qarabağ probleminin birdəfəlik və tam həllinə hələ hazır deyil. Regionda müharibənin də olmasını istəmir, çünki bu halda onun özünün cənub cinahı üçün təhlükəsizlik təminatı zəifləyir. Hələlik Rusiyaya Qarabağ probleminin tam həll olunmadığı və müharibə təhlükəsindən tam azad Cənubi Qafqaz bölgəsi lazımdır. Rusiyanın hələ hansı müddətlər üçün ehtiyacında olduğu belə Cənubi Qafqaz modelinin mövcudluğu məhz Ermənistanın təcavüzü ucbatından və Azərbaycanın öz haqqını bərpa etmək məcburiyyəti üzündən təhlükə altına düşüb. Təhlükəni aradan qaldırmağın yeganə yolu Ermənistanın təcavüzkarlığının “əl-ayağını əhəmiyyətli dərəcədə yığışdırmaqdan” keçir. Rusiya üçün Azərbaycansız buna nail olmağın mümkünsüzlüyü gün kimi aydındır. Azərbaycan isə yalnız Dağlıq Qarabağın ətrafındakı rayonların işğaldan azad edilməsi şərtilə Rusiyanın bu istiqamətdəki səylərinə dəstəkci ola bilər.
Rusiyanın Cənubi Qafqazda maraqlarının təmin olunmasında bir vaxtlar üstün şəkildə Ermənistana yönəldilmiş vektor dəyişir və daha çox Azərbaycanın üstünə yönəlməyə başlayır. Ermənistan öz təcavüzkar siyasətini davam etdirməklə regionda müharibə təhlükəsini artırdıqca təhlükəsiz Cənubi Qafqaz modelinin möhkəmləndirilməsində Azərbaycana Rusiyanın ehtiyacı da artır. Azərbaycan bu ehtiyacı rayonların azad edilməsi müqabilində daha tez qarşılaya bilər.
Elə buradaca deyək ki, Şoyqunun Prezident Əliyevə “Rusiya heç vaxt Azərbaycanın əleyhinə addım atmayıb, atmayacaq da” deməsi onun səlahiyyətlərindən bir qədər kənara çıxış kimi görünsə də, təsadüfi deyil, məqsədyönlü deyilib və Azərbaycan Prezidentinin regional liderlik gücünə ehtiyacdan doğan hesablanmış demarşdır.
Aydın QULİYEV