“Məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın verdiyi vədlərin heç birini yerinə yetirmədiyi göz önündədir. Düzdür, o, rəqiblərini sıradan çıxarmağa, özünə qarşı müxalif olanları zəiflətməyə, həbsə atmağa nail olub. Lakin milyardlarla dollar investisiya, iş yerlərinin artırılması və sair vədlərin heç birini yerinə yetirməyib. Müxalifətin bununla bağlı tənqidləri səslənəndə isə günahı koronavirusun üstünə yıxır.
Erməni mediası yazır ki, Paşinyanın vədləri sırasında peşəkar, keyfiyyətli ordu yaradılması da var idi. Lakin bu iki il ərzində sözügedən sahədə də hər hansı bir irəliləyiş əldə olunmayıb. Əksinə, yenə də əsgər ölümləri pik həddədir, dinc şəraitdə övladlarının ölümünə etiraz edən anaların aksiyaları davam edir. Belə bir şəraitdə Paşinyan guya orduda islahatlar aparmaq qərarına gəlib. Baş nazirin tapşırığı ilə Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələrlə paralel yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb.
"Radio Azatutyun” məlumatına görə, Ermənistan ordusunun şəxsi heyəti döyüş tapşırıqlarının icrası üçün yetərli səviyyədə deyil. Döyüş postlarında xidmət aparmağa belə əsgər çatmır. Ordunun bu çatışmazlığını ört-basdır etmək üçün gör vəziyyət nə həddə gəlib çatıb ki, Paşinyan polislərin təmas xəttində 15 günlük məcburi xidməti haqqında sərəncam imzalayıb.
Belə məlum olur ki, Ermənistan ordusunda çox ciddi problemlər mövcuddur və bunlar kritik səviyyəyə yaxınlaşır.
“Ermənistan ordusundakı sözügedən mənfi proseslər bizim xeyrimizə işləyir”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Ermənistan ordusunun şəxsi heyətində yaşanan problemlərin kökündə bir sıra səbəblər var: “Bunun başlıca səbəbi məhdud insan resurslarıdır. Əvvəla onu qeyd edim ki, Ermənistanda əhalinin sayı artmır, əksinə, azalır. Hökumətin səylərinə baxmayaraq, doğum səviyyəsi yüksəlmir. Bu isə əhalinin tərkibində yaşlı insanların çəkisini artırır. Digər problem ondan ibarətdir ki, əmək qabiliyyətli şəxsər ölkəni tərk edirlər. Artıq neçə ildir bu baxımdan ölkədə demoqrafik göstəricilər mənfi istiqamətdə inkişaf edir. Başqa bir tərəfdən, erməni ailələri uşaqlarının Qarabağda hərbi xitmət keçməsini istəmirlər. Qarabağda xidmət etmək cəbhə xəttində ölüm risqi ilə üz-üzə qalmaq deməkdir. Eyni zamanda, Qarabağdakı erməni hərbi birləşmələrində “dedovşina” və qeyri-döyüş şəraitində ölüm halları daha çox baş verir. Bu səbəbdən erməni valideynləri uşaqlarını orduya xidmətə göndərməkdən yayındırırlar. Bu isə, öz növbəsində, işğal olunmuş Qarabağı əldə saxlamaqda problemlər yaradır. Bunun nəticəsidir ki, cəbhə xəttində yerləşən postlara hətta yaşlı insanları cəlb edirlər. Bu da yetərli olmadığı üçün, polisləri zorən postlara göndərirlər. Hesab edirəm ki, Ermənistan ordusundakı sözügedən mənfi proseslər bizim xeyrimizə işləyir. Ona görə də şərait yaranan kimi, hərb yolu ilə torpaqlarımızı azad etməliyik”.
Ekspertin fikrincə, Ermənistanda demoqrafik böhran dərinləşdikcə, bu kimi problemlər daha çox özünü göstərəcək.
Vidadi ORDAHALLI