05/08/2020 17:15
728 x 90

"Azərbaycan xalqının ordu ilə həmrəyliyini qürurla seyr etdik" - Aydın Quliyev

img

"Ermənistanın davam edən təcavüzkar əməllərinə qarşı Azərbaycan xalqının yeni həmrəyliyini qürurla seyr etdik. Xalqın birlik və həmrəylik nümayişi Ali Baş Komandanın ərazi bütövlüyümüz uğrunda apardığı hərbi-siyasi kursa ictimaiyyətin birmənalı dəstəyini ifadə edir". Bunu SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, özünü ən müxtəlif formalarda göstərən ümumxalq həmrəyliyi milli ordumuzun güc mənbəyidir: "Xalqımız ordu ilə və Ali Baş Komandanla birlikdə olduğunu bir daha göstərdi. Xalqımızın orduya göstərdiyi həmrəyliyin sarsılmaz əsasları var. Ordumuzun böyük rəşadət göstərməsi, bir addım da geri çəkilməməsi, bütün mövqeləri şərəflə qoruya bilməsi, düşməni böyük itkilərə məruz qoyması, səngərlərdə sıravi əsgərlərlə general və zabitlərin yanaşı həlak olması cəmiyyətimizin orduya inam və rəğbətini bir az da artırır və bu da insanların fəal dəstəyini birbaşa müəyyən edən faktorlardır. Vətənpərvər gənclərin orduya könüllü dəstək nümayişləri əyani sübut edir ki, ordumuzla cəmiyyətin birliyi möhkəmdir".

A.Quliyev vurğulayıb ki, ancaq təəssüf ki, çox vacib olan ümumxalq həmrəyliyini ziyanlı istiqamətlərə çəkmək və dağıdıcı formalar vermək istəyənlər də var: "Pozucu qüvvələrin xalqla ordunun və Ali baş komandanın birliyini pozmaq cəhdləri heç bir nəticə verə bilməz və iflasa məhkumdur. Azərbaycan ordusu ilə xalqın həmrəylik aksiyaları təcavüzkar Ermənistana qəti mesajdır. Düşmənə göstərdi ki, Ermənistan Azərbaycan torpaqlarını həmişəlik ilhaq edə bilməyəcək".

Son xəbərlər