Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan Prezident İlham Əliyevin Azərbaycan Parlamentindəki son çıxışını özünəməxsus şəkildə şərh edib. Güya bu nəticəyə gəliblər ki, Azərbaycanda demokratiyanın zəif olması Dağlıq Qarabağla bağlı danışıqların gedişinə və prosesin nizama salınmasına ciddi şəkildə mane olur. Erməni rəsmisinin bu açıqlamasını necə dəyərləndirmək olar?
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bunu da ermənilərin növbəti sayıqlaması saya bilərik: “Prezidentin məlum çıxışı əslində ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi yollarına dair tövsiyələri əhatə edirdi. Ölkə başçısı həmin nitqində ölkədəki fikir plüralizminin daha da inkişaf etdirilməsini, siyasi institutların ölkənin idarə olunmasında yaxından iştirakının təmin olunmasını, parlamentin rəhbərliyində fərqli siyasi qüvvələrin təmsilçiliyini görmək istəyini ifadə edirdi. Bütün bunlar demokratiyanın təməl prinsiplərinə aid olan məsələlərdi. Ermənistan XİN-in bundan yanlış nəticə çıxarmasında qeyri-adi nəsə görmürük. Çünki onlar hər zaman, istənilən fikri öz xeyirlərinə uyğun şərh edirlər. Dağlıq Qarabağla bağlı danışıqlardan bütün bəhanələrlə yayınmağa çalışan Ermənistan rəhbərliyinin bu arqumenti çox gülüncdür. Demokratiya Ermənistanda yoxdur. Onların siyasi rəhbərliyi hər gün bir fikir səsləndirir. Bizim isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Daima bəyan etmişik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Yenə həmin mövqedə qalırıq. Ermənistan danışıqlar prosesində tam dalana dirənib. Bu səbəbdən də yeni bəhanələrlə qeyri-konstruktiv mövqelərini davam etdirmək istəyirlər. Bütün bunlar əsassız fikirlərdi. Normal mövqe ortaya qoyulmasa, Azərbaycan başqa vasitələrlə öz ərazi bütövlüyünü təmin edəcək”.
Məhəmmədəli QƏRİBLİ