“Minsk Qrupunun həmsədri kimi, Vaşinqton bu kimi erməni təxribatına getməməlidir”
Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmamasının səbəblərindən ən başlıcası beynəlxalq vasitəçilərin tutduğu mövqedir. Çünki ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlər Ermənistana işğalçılığa görə ciddi və kəskin təzyiq göstərməyib. Əksinə, ona müxtəlif sahələrdə yardım edilib. Məsələ ondadır ki, 2018-ci ilin mayında ölkədə baş verən dəyişikliklər həmin dövlətlərin Ermənistana yardım ayırması üçün əlavə bəhanəyə səbəb olub. Bu məqsədlə Avropa İttifaqı və ABŞ bu ölkəyə maliyyə yardımını artırır. Aİ 2020-ci ildə Ermənistana 150 milyon dollar məbləğində maliyyə yardımı edəcək. ABŞ isə ötənilki yardımı 40 faiz, yaxud 60 milyon dollar artıracaq. Ağ Ev bu yardımı Ermənistanda korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik, energetika, təhsil, demokratiyanın inkişafı, vətəndaşı cəmiyyətinə yardım, məhkəmə, insan haqlarının müdafiəsi kimi sahələrə ayırıb. ABŞ Dövlət Departamenti isə 2019-cu ildə bu ölkəyə 26 milyon dollar ayırıb. Cari ildəki maliyyə yardımı da 2020-ci il üçün nəzərdə tutulan sahələrə xərclənəcək. Müstəqilliyini bərpa edəndən sonra ABŞ hər il Ermənistana maliyyə yardımı edib. “Minilliyin çağırışı” proqramı əsasında Ermənistana 235 milyon dollarlıq sərmayə qoyulub. Bu arada ötən il ABŞ xaricilərə yardımla bağlı dondurduğu 4 milyard dollarlıq maliyyə vəsaitini də bərpa edib. 2020-ci ildə həmin məbləğdən Ermənistan və Qarabağdakı rejimə 40 milyon dollar ayrılacaq. ABŞ-ın Ermənistana və separatçı quruma yönəlik bu addımı anlaşılan deyil. Görünən odur ki, erməni lobbisinin təsiri altında olan ABŞ rəsmiləri dövlət maraqlarını qurban verirlər.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşd:“Birləşmiş Ştatların Azərbaycana son illərdə diqqət ayırması, hərbi və maliyyə yardımı etməsi Ermənistanda ciddi təşviş yaradıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra düşünürdülər ki, Vaşinqton bu ölkəyə daha çox maliyyə yardımı edəcək. Ancaq baş verənlər bunun əksini göstərdi. Belə olan halda Konqresdə bir qrup ermənipərəst konqresmen hərəkətə keçib. Nəticədə ermənilərin xeyrinə müəyyən qərarların verilməsi gündəmə gəlib. Nəzərə almaq lazımdır ki, bu yardımlardan Qarabağdakı separatçılar da faydalanacaq. Bütün hallarda, belə təşəbbüslər ABŞ-ın dövlət siyasətinə və maraqlarına uyğun deyil. Erməni lobbisinin bu təşəbbüsləri sadəcə dövlət siyasətinə uyğun olmadığı üçün birbaşa dövlətin siyasətinə təsir etməkdi. Hesab edirəm ki, Tramp adminstrasiyası bunu əngəlləməlidir. Eyni zamanda, rəsmi Bakı Vaşinqtonla diplomatik danışıqlar aparmalı və bunun vaxtinda qarşısını almalıdır. Minsk Qrupunun həmsədri kimi, Vaşinqton bu kimi erməni təxribatına getməməlidir”.
Vidadi ORDAHALLI