Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Milli Məclisinın ilk iclasında iştirakı və verdiyi mesajlar da kifayət qədər maraqlıdır. Ölkə başçısı çıxışında bildirdi ki, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır:
"Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır".
Bəzi analitiklər bu qərara gəlirlər ki, Prezidentin toxunduğu məqamlar ölkədə köklü islhatların həyata keçiriləcəyini vəd edir və bunun üçün ölkədə konstutusion islahatların aparılması zəruri görünür. Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident tərəfindən verilən anonslar bunu deməyə əsas verir: “Elə siyasi islahatlar var ki, onların aparılması üçün konstitusion dəyişikliklərin aparılması zəruridir. Prezidentin də dediyi kimi, siyasi sistemi təkmilləşdirən addımlar atılmalıdır. Bu sahədə ən vacib addım siyasi ekspertlərin də dəfələrlə qaldırdığı konstitusiya islahatlarının aparılmasıdır. Seçki sisteminin təkmilləşdirilməsi, proporsional və ya qarışıq sistemin bərpa olunması, iri şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun gücləndirilməsi olduqca vacib amildir. Bütün partiyalara bərabər imkanlar yaradan qanunvercilik bazasının formalaşdırılması ölkədə partiyaların da iştirak edəcəyi idarəetmə üsulunun tətbiqini şərtləndirir. Bunun üçün ölkənin idarə olunmasında parlamentin rolunun artırılması nəzərdə tutulur. Hesab edirəm ki, bu həm də parlament üsul-idarəçiliyinə keçidi şərtləndirə bilər. Xatırladaq ki, bu prosesi bir sıra postsovet ölkələri keçib. Düşünürəm ki, bunların həyata keçirilməsi üçün referendumun keçirilməsi zəruridir. Bu da gələn ilin payızında baş tuta bilər”.
Məhəmmədəli QƏRİBLİ