19/08/2019 06:22
728 x 90

Çingiz Mustafayevin “bəxtindən” “Avroviziya”da qan analizi qalmaqalı başlayıb

Azərbaycanı “Avroviziya-2019”da təmsil edəcək Çingiz Mustafayev qan analizi verməkdən niyə imtina edib?

img

Aynurə Cəfərova: “Çingiz Mustafayev imtina etməyib, sadəcə, DNT analizi vermək onun üçün maraqlı olmayıb”

 

1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi “Avroviziya”da Azərbaycan da 2008-ci ildən iştirak edir. “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə dünyanın özündə münasibət birmənalı deyil, bəzi ölkələr hesab edirlər ki, bu musiqi yarışmasından daha çox siyasi əhəmiyyət daşıyan bir mədəniyyət tədbiridir. Kimin necə düşünməsindən asılı olmayaraq, “Avroviziya” mahnı müsabiqəsi milyonlarla tamaşaçının böyük həyəcanla izlədiyi bir hadisədir.  

Bildiyimiz kimi, Azərbaycanı “Avroviziya-2019” beynəlxalq musiqi müsabiqəsində Çingiz Mustafayev təmsil edəcək. Məlumatlara görə, əvvəlki illərdən fərqli olaraq, bu il iştirakçılardan qan analizi tələb olunub. Azərbaycanı yarışmada təmsil edəcək Çingiz Mustafayev isə, digər iştirakçılardan fərqli olaraq, qan analizi verməkdən imtina edib.

Məlumatlara görə, “Avroviziya”nın nə keçmiş, nə də mövcud qaydalarında iştirakçılardan qan analizi götürülməsi ilə bağlı bənd yoxdur. Deyilənə görə, bu ildən qeyri-rəsmi, şifahi formada iştirakçılardan qan analizi götürülməsi tələb olunub.

Qan analizi verməkdən imtina edən Ç.Mustafayevin buna görə müsabiqədən kənarda qalacağı barədə sosial şəbəkələrdə, şou-biznesdə müəyyən söz-söhbətlər dolaşır.

Ç.Mustafayev qan analizi verməkdən niyə imtina edib?   

  • “İştirakçıların qan analizi verməsi nə xüsusi bir qaydadır, nə də məcburiyyətdir, bu, sadəcə, piar xarakterli fərdi bir şeydir”

İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Cəfərova “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan təmsilçisinin qan analizi verməməsi onun müsabiqədə iştirakına heç bir əngəl törətməyəcək. A.Cəfərovanın sözlərinə görə, təmsilçilərin qan analizi verməsi bir tələb deyil, bu könüllülük şəklində olan bir haldır. O, qeyd etdi ki, iştirakçılar arasında DNT analizi verənlər də, verməyənlər də olub.

Onun dediyinə görə, müsabiqə iştirakçılarına pulsuz DNT testindən keçmək təklif edilib ki, hər kəs öz geneoloji ağacı barədə daha çox informasiya əldə etsin.

“Bu məcburi deyil, könüllülük əsasında olan bir məsələdir. Ç.Mustafayev imtina etməyib, sadəcə, DNT analizi vermək onun üçün maraqlı olmayıb. Fərqli nələrsə etməyə marağı olan iştirakçılar bu analizi veriblər. İştirakçıların qan analizi verməsi nə xüsusi bir qaydadır, nə də məcburiyyətdir, bu sadəcə piar xarakterli fərdi bir şeydir. Heç bir “Avroviziya” təmsilçisi üçün qan analizi vermək məcburi deyil. Bu yeni qayda da deyil, könüllü bir işdir, kim istəsə iştirak edə bilir. Bilirsiniz, hər bir iştirakçıya şəxsən yoxlamadan keçmək təklif edilib. Müsabiqədə iştirak etmək üçün qaydalarda heç bir dəyişiklik olmayıb. Qeyd etdiyim kimi, bütün bunlar piar xatirinə edilir” - deyə A.Cəfərova qeyd etdi.

Xatırladaq ki, bu günlərdə Rusiyanın “Avroviziya-2019”dakı təmsilçisi Sergey Lazarev analiz üçün qan verdiyini deyib. O, bu yolla qanına hansı müxtəlif millətlərin qanının qarışdığını bilmək istədiyini açıqlayıb. Ç.Mustafayev isə həmkarından fərqli olaraq, könüllü DNT analizi verməkdən imtina edib.

Məlumat üçün bildirək ki, müsabiqənin yarımfinalı 14-16 may, finalı isə 18 mayda Təl-Əvivdə “Dare to” (Arzularına sərbəstlik ver) devizi altında keçiriləcək. Müsabiqədə Ç.Mustafayev “Truth” ("Həqiqət") kompozisiyasını ifa edəcək. Mustafayev “Avroviziya-2019”un ikinci yarımfinalında 18-ci nömrə altında çıxış edəcək.

Ç.Mustafayev “Yeni ulduz” layihəsində (ATV) qalib gələndən sonra populyarlaşıb. O, həmçinin, gənc ifaçıların beynəlxalq ”Yeni Dalğa" müsabiqəsində, “O səs Türkiyə” və “Ukraynanın səsi” vokal layihələrində də iştirak edib. Bir sıra musiqi nominasiyalarının laureatı, gənc nəslin ən çox tələb etdiyi ifaçılardan biridir.

İradə SARIYEVA

Son xəbərlər