24/04/2019 02:41
728 x 90

Mirzə Cəlil irsini təftiş edənlərə qarşı məşhur cəlilşünasların da səsi eşidilməyə başladı

Vaqif Yusifli: “Mirzə Cəlil irsini təftiş edənlər qeyri-peşəkarlardır”

img

“Günəş, Ay göydə necə görünürsə, Cəlil Məmmədquluzadə də ədəbiyyatımızda o şəkildə görünür”

 

Bir aydan çoxdur Cəlil Məmmədquluzadə (Mirzə Cəlil ) mövzusu mətbuatın gündəmindən düşmür. Bir neçə yazar iddia edir ki, Mirzə Cəlilin bəzi əsərləri plagiatdır və onun bir neçə hekayəsində ermənilər “müsbət” planda verilib. Bu iddiada olanlar hesab edirlər ki, Mirzə Cəlilin əsərləri yenidən redaktəyə cəlb edilməli və bəzi əsərləri isə, ümumiyyətlə, dərsliklərdən çıxarılmalıdır.

Mirzə Cəlilin yaradıcılığını, şəxsiyyətini təftiş edənlərin hansı məqsəd güddüyü aydın deyil. Onlara opponentlik edənlər isə onların fikirlərinə qarşı çıxırlar. Məsələ burasındadır ki, bu müzakirələrə yalnız tanınmış media təmsilçiləri, bəzi yazarlar və tədqiqat obyekti C.Məmmədquluzadənin yaradıcılığı olmayan ədəbiyyatşünaslar, dilçilər qoşulublar. Lakin Mirzə Cəlil irsini araşdıranlar, cəlilşünaslar isə, nədənsə, bu müzakirələrə qoşulmağa həvəs göstərmirlər. Sanki heç uzun illərdir Mirzə Cəlil irsini araşdıranlar, təbliğ edənlər, onun yaradıcılığı haqqında cild-cild kitablar yazanlar bu alimlər deyil. Halbuki, onlar Mirzə Cəlil yaradıcılığı üzrə alimlik dərəcəsi, elmlər namizədi, elmlər doktoru adları alıblar.

C.Məmmədquluzadə ilə bağlı açılan müzakirələrə cəlilşünaslar nə üçün qoşulmurlar?

Tanınmış tənqidçi, ədəbiyyatşünas-alim Vaqif Yusifli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, C.Məmmədquluzadənin yaradıcılığını təftiş edənlər qeyri-peşəkarlardır. “Cəlil Məmmədquluzadə milli ədəbiyyatımızın nəhənglərindən biridir. Onun irsinin, yazdıqlarının, hekayələrinin təftiş edilməsi, bu şəkildə müzakirəyə çıxarılması qəbuledilməzdir. Mirzə Cəlil irsini təftiş edənlər, onu müxtəlif  məsələlərdə ittiham edənlər qeyri-peşəkarlardır. Onların Mirzə Cəlil irsinə yanaşmaları qeyri-peşəkar yanaşmadır. Əlbəttə, bu müzakirələrə C.Məmmədquluzadə irsini araşdıranlar da qatılmalıdırlar. Bilirsiniz, Günəş, Ay göydə necə görünürsə, C.Məmmədquluzadə də ədəbiyyatımızda o şəkildə görünür” - deyə V.Yusifli qeyd etdi.

İradə SARIYEVA 

Son xəbərlər