Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər sırasında daha bir uğurlu əməliyyat keçirib.
İyulun 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları Məçitməhəllə kənd sakini Hicran Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu, həyətindəki yarımtikilidən isə çəkisi 4 kiloqram 330 qram marixuana, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Həşimxanlı kəndi ərazisində kənd sakini V.Xancanovun kultivasiya yolu ilə yetişdirdiyi 91 ədəd çətənə kolu aşkar edərək götürüb.
Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Uzunqazmalar kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2,5 ton olan 8450 ədəd çətənə kollarını yığaraq məhv edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı