Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyulun 4-də Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon Zuxur kəndinin ərazisində olan meşəlik ərazidə həmin kənd sakini İsgəndər Sərkərov iş başında yaxalanıb. Belə ki, adışəkilən şəxs həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanıb. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 16-65 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolu aşkar edərək götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin yaş çəkisinin 1000 qr olması barədə rəy verilib.
Dindirilmə zamanı həmin şəxs meşəlik ərazidə insan sıxlığı olmadığından narkotik vasitələri orada əkib-becərdiyini və şəxsi istifadəsi üçün qulluq etdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Nizam HƏMİDOV polis leytenantı