Yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən sabiq hakim məhkəmə zalında qandallandı

img

Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyev məhkəmə zalında həbs edilib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən sabiq hakimin cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə L.Nəbiyev 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, L.Nəbiyev zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. O, R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alaraq dələduzluq edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Son xəbərlər