Tərtər rayonunda qətl hadisəsi baş verib. Hadisə Tərtər Rayon Məhkəməsinin qarşısında qeydə alınıb. Belə ki, Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Məlumata görə, hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Əliyeva mübahisə edib. Daha sonra kişi ailə münaqişəsi zəminində arvadını öldürüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Tərtər Rayon Prokurorluğundan məlumat verilib ki, iyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
“Report”un əldə etdiyi məlumata görə, öldürülən 1995-ci il təvəllüdlü Arzu Abbasova əslən Samux rayonundandır.
O, 2014-cü ildə qohumu - Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əliyevlə evlənib və bu rayonda birgə yaşayıblar. Daha sonra qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib.
Məlumata görə, Anar Əliyev arvadından boşanmaq istəmirmiş.
Mübahisə zamanı Anar Əliyev bıçağa əl atıb və o, bir neçə bıçaq zərbəsi ilə qadını qətlə yetirib.
Anar Əliyev Şəki rayonunun Sarıca qəsəbəsində yerləşən 123 saylı Kəlbəcər rayon orta məkbəbində ibtidai sinif müəllimi işləyir. O, ötən gün məhkəməyə görə, məktəb direktorunun adına icazə ərizəsi yazaraq, Şəkidən Tərtərə qayıdıb.
Cütlüyün üç azyaşlı oğlan övladı var.