Paytaxtın Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min manat məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb.
Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanıb. Hər iki şəxs ifadələrində etdiyi hadisəni etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, qohumunun mənzilindən oğurluq etmək üçün evin və seyfin açarlarını İdris Salahova Toğrul Axudzadə verib. O, evdə heç kimin olmadığı barədə İ.Salahova məlumat verdikdən sonra sonuncu evə daxil olaraq həmin hadisəni törədib. İş üzrə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Axundzadə və İ.Salahovdan oğurladıqları pul və qızıl-zinət əşyalarının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, İ.Salahov evə iki dəfə daxil olub. Birinci dəfə o, seyfdə olan pulları oğurlayıb. Daha sonra T.Axundzadənin təkidi ilə ikinci dəfə evə daxil olan İ.Salahov bu dəfə qızılları oğurlamaqla yanaşı fotoaparat və noutbuku da ələ keçirib.
Saxlanan şəxslər barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.