Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında “Mahal” MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılmışdır.
Aparılmış araşdırmalarla, Rəhimov İlqar Vəliyəddin oğlunun “Mahal” MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, “Mahal” MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.