İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanaraq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əvvəllər məhkum olunmuş İsmayıllı şəhər sakini Tural Bəkirov şübhəli şəxs qismində saxlanıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman 33 ədəd kağız bükümdə satış məqsədilə saxladığı narkotik vasitə olan heroin, elektron tərəzi və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində T.Bəkirov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.