25/02/2020 02:46
728 x 90

Elman Rüstəmov “oxu atıb, yayın gizlətdi” - əmanətlərin yeni sığortalanması necə olacaq…

Əkrəm Həsənov: “Əmanətlərin sığortalanmasının hazırkı modeli dəyişsə…”

img

Azərbaycanda əmanətlərin tam məbləğdə sığortalanması ilə bağlı müddət başa çatmağa yaxınlaşdıqca (martın 4-də bü müddət bitir), əmanətlərin sonrakı taleyi ilə bağlı müzakirələr başlayıb.

Azərbaycan Mərkəzi Bankının son açıqlamaları göstərir ki, bununla bağlı dəyişiklik gözlənir, daha dəqiqi, əmanətlərin tam məbləğdə sığortalanması indiki formada davam etməyəcək. Belə ki, ötən həftənin sonunda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub. Mərkəzi Bank sədri qeyd edib ki, əmanətlərin tam sığortalanması sistemindən yumşaq çıxmaq daha məqsədəuyğundur: “Yeni sığorta modeli üzərində düşünürük. Bu, sahədə bütün problemlər həll edildikdən sonra olmalıdır, eyni zamanda, keçid də yumşaq olmalıdır. Maliyyə sektorunda problemlər hələ həll olunmayıb. Bu gün maliyyə sabitliyi var. Ancaq nöqtəvi problemlər də mövcuddur. AMB olaraq bütün problemləri qısa müddətdə həll etməliyik”.

Maraqlıdır, əmanətlərin sığortalanmasının hansı modeli Azərbaycan üçün daha uyğun olar?

  • “Əmanətlərin tam sığortalanması sistemi faiz dərəcələrinin yüksək olmasından xəbər verir”

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov qeyd etdi ki, əmanətlərin tam sığortalanması sistemi heç bir yerdə yoxdur: “Yalnız Azərbaycanda belə bir sistem var idi. Mən elə 2016-cı ildən qeyd edirdim ki, bu düzgün deyil. Çünki bizdə elə bir səhv təsəvvür var ki, guya bu əmanətlər dövlət hesabına sığortalanır. Əslində isə belə deyil, sahibkarların hesabına sığortalanır. Yəni hansısa bank müflis olur, müflis olduqdan sonra Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin əmanətini qaytarır. Sonra isə bankın əmlakını satıb, bankın verdiyi kreditləri qaytarıb və vətəndaşlara verdiyi pulu oradan götürürdü. Bankda yalnız vətəndaşların əmanətləri qalmayıb axı, sahibkarların da əmanətləri var. Onlara heç nə çatmır. Hər şey onların hesabına olur. Bu da birinci problemdir. Bu problem də sahibkarları banklardan qaçırdır.

Məsələnin ikinci tərəfi də odur ki, əmanətlərin tam sığortalanması sistemi faiz dərəcələrinin yüksək olmasından xəbər verir, o cümlədən, kreditlər üzrə. Tutaq ki, bir bankın faiz dərəcəsi yüksəkdirsə, deyək ki, 10%-lə qəbul edir, hamı oraya əmanətlərini qoyur. Faiz dərəcələrini aşağı salanda oraya heç kim getmir. Əmanəti yüksək faizlə qəbul edən bank krediti də yüksək faizlə verir. Bu da ikinci problemdir”.

Ekspert hesab edir ki, hazırkı model dəyişsə, banklar aşağı faizlə kredit verə biləcəklər: “Amma əmanətlərin tam sığortalanması olmayanda, tutaq ki, əvvəlki sistemə qayıdırıqsa, onda vətəndaşlar bütün pullarını bir banka qoymur. Yəni vətəndaş əmanətini bölüb banklara qoyur. Burada da aşağı faizlə əmanət qoymağa məcbur olur. Bu halda da banklar aşağı faizlə kredit verə biləcəklər. Bu, ölkə iqtisadiyyatı üçün yaxşıdır. Amma indiki vəziyyət düzgün deyil. Buna görə də yaxşı ki, Mərkəzi Bank artıq bu problemi həll etməyə başlayıb”.

Günel CƏLİLOVA

Son xəbərlər