Rəşad Həsənov: “1 manatlıq əskinasların dəmir pulla əvəz olunması bazarda psixoloji faktorların yaranmasına səbəb olacaq” Natiq Cəfərli: “Mərkəzi Bank kağız və dəmir pulların maya dəyərinin nə qədər olacağı və bunun Azərbaycan iqtisadiyyatına nə verəcəyi ilə bağlı heç bir hesablama aparmayıb”
Azərbaycanda dövriyyəyə yeni pullar buraxılacaq. Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan 1 manatlıq əskinasların dəmir pullarla (sikkə) əvəz olunması haqqında düşünür. Bu barədə AMB-nin sədr müavini Alim Quliyev media nümayəndələrinə açıqlamasında deyib. A.Quliyevin sözlərinə görə, bu, digər nominallı əskinaslara şamil edilməyəcək: “Hələlik bu barədə müzakirələr gedir. Amma konkret tarix bəlli deyil”.
1 manatlıq əskinasların dəmir pulla əvəz olunmasına münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Bəllidir ki, 1 manatlıq əskinaslar daha çox dövriyyədə olanlardır. Keyfiyyət baxımından isə bu pulun nominaldan çıxmasına səbəb olur. Beləliklə, Mərkəzi Bankın bu istiqamətdə müəyyən xərcləri davamlı olaraq artır. Məhz bu xərclərin azaldılması prizmasından yanaşsaq, 1 manatlıq əskinasların dəmir pullarla əvəz olunması müsbət nəticələrə səbəb ola bilər”.
Həmsöhbətimiz onu da bildirdi ki, 1 manatlıq əskinasların dəmir pulla əvəz olunması bazarda psixoloji faktorların yaranmasına səbəb olacaq. 1 manatlıqlar dəmir pulla əvəz olunandan müəyyən müddən sonra bəzi məhsulların satış qiymətində artımın qeydə alınmasının şahidi olacağıq: “Bu kimi hal həm beynəlxalq, həm də Azərbaycanın ötən dövrlər üçün təcrübəsində də özünü göstərib. Ola bilsin ki, 80-90 qəpiyə olan məhsulların satış qiyməti 1 manata olsun. Bu halı biz bazarda gözləyə bilərik”.
İqtisadçı-ekspert Natiq Cəfərli dünyanın bütün ölkələrində bir və iki avroluq əskinasların dəmir pullarının dövriyyədə olduğunu qeyd etdi: “Azərbaycanda da dəmir pulların dövriyyəyə girməsi gündəmə gəlib. Amma Mərkəzi Bank kağız və dəmir pulların maya dəyərinin nə qədər olacağı və bunun Azərbaycan iqtisadiyyatına nə verəcəyi ilə bağlı heç bir hesablama aparmayıb. Hər halda, qərar qəbul olunub və dəmir pullar dövriyyəyə buraxılsa, kağız pullar müəyyən vaxta kimi dövriyyədə olacaq. Yəni birdən-birə kağız pulları nə qadağan edəcəklər, nə də yığışdıracaqlar”.
Günel CƏLİLOVA