Vüqar Bayramov: “Bu addımlar dövlət büdcəsində xeyli miqdarda vəsaitə qənaət etməyə imkan verəcək”
2018-ci ildə Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək. Məlum olduğu kimi, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
A.Bayramov bildirib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Gələn il də rayon və şəhərlərin yerli xərcləri 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 milyon manat çoxdur. 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla, yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq: “Bu, cari ilin göstəricisindən 0,2 faiz bəndi aşağıdır. Maliyyə dəstəyinin faktiki məbləği bir milyon manat azalaraq 73 milyon manat təşkil edəcək. Burada öz xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər nəzərdə tutulmur”.
Ümumilikdə, 33 rayon və şəhərin öz hesabına maliyyələşməsi müsbət haldır. Bu, dövlət büdcəsindən ayrılan dotasiyaların həcminin azalmasına səbəb olacaq. Nəticədə həmin vəsait digər vacib sahələrin inkişafına yönəldiləcək. Maraqlıdır, bəs ekspertlər buna necə yanaşırlar?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, öz hesabına yaşayan rayonların sayının artmasında regionların inkişafı istiqamətində atılan addımların da mühüm rolu var: “Ümumiyyətlə, ölkə rəhbərliyinin yürütdüyü siyasət ondan ibarətdir ki, növbəti dövrdə də bütövlükdə digər rayonların da dotasiyadan azad edilməsi və öz maliyyə imkanları hesabına xərclərini ödəməsinə keçilməsi tətbiq olunsun. Bu mənada gələn il üçün 33 şəhər və rayonun dotasiyadan azad edilməsi və xərclərini öz gəlirləri hesabına ödəməsi birbaşa rayonlara maliyyə muxtariyyətinin verilməsi baxımından vacibdir. Eyni zamanda, bu addım rayonlarda yerli imkanlara söykənərək investisiyanın cəlb edilməsi hesabına daha çox iş yeri yaradılması baxımından da önəmlidir. Bu mənada da gələn il üçün 33 rayonun xərclərini öz gəlirləri hesabına ödəməsi istiqamətində atılacaq addım gözlənilən idi. Həmçinin, sözügedən proses növbəti illərdə digər rayonları da əhatə etməlidir. Rayonlarda əvvəlki dövrlərdə, eləcə də, bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar sayəsində infrastruktur, demək olar ki, tam olaraq formalaşıb. İndi həmin infrastrukturun artıq dəyərə çevrilməsinə ehtiyac var. Dotasiyanın dayandırılması da nəticə etibarilə imkan verəcək ki, rayonlar mövcud infrastrukturdan istifadə etməklə daha çox xarici və yerli investisiyanı cəlb edə bilsinlər. Eyni zamanda, regionlarda biznes mühitinin daha da yaxşılaşdırılması yolu ilə sərmayə axınına nail olmaq və nəticə etibarilə rayonların öz imkanları hesabına gəlirlərini artırması prosesinə də başlamaq lazımdır. Belə ki, bu addımlar dövlət büdcəsində xeyli miqdarda vəsaitə qənaət etməyə imkan verəcək. Rayonlar arasında yaxşı mənada rəqabət mühitinin yaranması və inkişafına stimul yaradacaq. Çünki dotasiyanın olmaması fonunda rayonlar daha çox sərmayə cəlb etmək məcburiyyətində qalacaqlar ki, bu da onlardan işgüzarlıq tələb edəcək. Düşünürəm ki, proses davamlı olacaq və növbəti illərdə mərhələli şəkildə artıq bütün rayonların dotasiyadan kənar yaşamalarının şahidi olacağıq. Proses sonda regionların gəlirlərinin artmasına və yeni-yeni iş yerlərinin yaranmasına xidmət etmiş olacaq”.
Vidadi ORDAHALLI