Qadir Bayramlı: “Kənd təsərrüfatı sahəsində bəzi çatışmazlıqlar aradan qaldırılsa, nəinki 6,2 faiz, daha çox artım qeydə alınar”
Gələn il aqrar sektorda 6,2 faiz artım gözlənir. Aqroparklardakı işlər üçün 133 milyon manat dövlət investisiyası olmaqla 219 milyon manat vəsait ayrılıb. Bunu Milli Məclisin ötən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq və özünüməşğulluq proqramı genişləndiriləcək. O qeyd edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7 faiz, turizm sahəsində 6,6 faiz, nəqliyyat sektorunda isə 2,5 faiz artım proqnozlaşdırılır.
2018-ci ildə aqrar sektorda 6,2 faiz artım nəyin hesabına olacaq? Bu sualla Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlıya müraciət etdik.
Q.Bayramlı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, növbəti il aqrar sektorda 6,2 faiz artımın olması normal rəqəmdir: “Amma bu artımın təmin olunması üçün aqrar islahatlar sürətlə inkişaf etməlidir. Eyni zamanda, kənd təsərrüfatına münasibət dəyişməlidir. Artım əldə etmək istəyiriksə, kənd təsərrüfatı sahəsində aqrar islahatları sürətləndirməliyik. Bölgələrdə məmurların fermerlərin işinə qarışması kimi problemlər aradan qaldırılmalıdır. Bizim fermerimiz sərbəst, uzunmüddətli faizsiz, güzəştli kreditlər əldə edəcəksə, kənd təsərrüfatı texnologiyası, gübrə və digər məhsullarla təmin olunacaqsa, su təminatı yaxşı həyata keçiriləcəksə, bu sahədə qeydə alınacaq inkişaf daha da artıq ola bilər”.
Həmsöhbətimiz hesab edir ki, aqrar sektorda 6,2 faiz artımın olması böyük müvəffəqiyyət sayılacaq. Ancaq gözlənilmədən baş verə biləcək təbiət hadisələrini də nəzərə almaq lazımdır: “Məsələn, bu il yağışların vaxtından tez başlaması pambıqçılıq sahəsinə təsir göstərdi. Yağışların sentyabrın sonlarında başlaması pambıqçılıq sahəsində olan hədəfi həyata keçirməyə mane oldu. Ölkədə 250-300 min ton pambıq istehsalı düşünülürdü. Ancaq payız dövründə başlayan yağışlar buna mane oldu”.
Q.Bayramlı onu da bildirdi ki, aqrar sahədə inkişaf əldə etmək üçün kənd təsərrüfı sahəsində çalışan işçiləri stimullaşdırmaq lazımdır. Aqrar sığorta təmin olunmalıdır ki, fermerlərə uğradıqları zərər ödənilsin. Həmçinin, bəzi bölgələrin torpaqlarının vəziyyəti elə də ürəkaçan deyil: “Bir neçə rayonun torpaqlarında şoranlaşma, eroziya halına rast gəlinir. Bu torpaqların yaxşılaşdırılması tədbirləri həyata keçirilməlidir. Bunların hamısı həyata keçirilsə, aqrar sahədə nəinki 6,2 faiz, daha çox artım qeydə alınar”.
Günel CƏLİLOVA