2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2 faiz arta bilər.
“Trend”-in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş hesabatında bildirilir. AYİB-in proqnozlarına görə, ölkə ÜDM-in 0,5 faiz azalması gözlənir.
Bankın analitiklərinin fikirinə görə, gələn il iqtisadiyyat artımına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatının başlanması və Transanadolu boru kəmərinin işə düşməsi təsir edəcək. Bununla belə, hesabatda qeyd olunur ki, makroiqtisadi sabitliyin təmin edilməsi və likvidliyin saxlanması üçün hökumət sərt pul-kredit və fiskal siyasətə riayət etməlidir.
AYİB-in 2018-ci il üçün proqnozları Azərbaycan hökumətinin gözləntilərindən çoxdur. Belə ki, ölkə hökuməti 2018-ci ildə Azərbaycanın real ÜDM artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Hökumət 2017-ci il üçün iqtisadi artımı 0,3 faiz səviyyəsində gözləyir.
AYİB Azərbaycan ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində bank ölkə iqtisadiyyatına 2,8 milyard dollara yaxın investisiya qoyub.