Natiq Cəfərli: “Mətbəxinə, dənizinə, Rusiya vətəndaşlarının burada sərbəst şəkildə əlaqə qurmaq imkanlarına görə getdikcə Azərbaycan istiqaməti şimaldan olan əhali üçün populyar xarakter almağa başlayır”
Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Son illər Azərbaycana iki əsas istiqamət üzrə - ərəb ölkələrindən və Rusiyadan gələn turistlərin sayı artmaqda davam edir. Açıqlanan statistik rəqəmlərə əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 730 000 rusiyalı turist səfər edib. Bu barədə Rusiyanın Turizm Operatorları Assosiasiyasının hesabatında bildirilir.
Ümumilikdə, hesabat dövründə Azərbaycana 2,27 milyon xarici turist gəlib ki, bu da 2016-cı ilin ilk on ayı ilə müqayisədə 20 faiz çoxdur. Ölkəyə gələn turistlər arasında rusiyalılar çoxluq təşkil edib.
Bundan başqa, Azərbaycana İran, BƏƏ, Gürcüstan, Ukrayna və Türkiyədən də çoxlu sayda turist gəlib.
Növbəti il ərzində ölkəyə gələcək turistlərin sayının daha da artacağı ehtimal olunur.
Ekspertlərin fikrincə, Rusiyadan gələn turistlərin sayının artması gözləniləndir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycana Rusiyadan gələn aviareyslərin sayının artması bu ölkə sakinlərinin bölgəmizə turist səfərlərinin çoxalmasının nəticəsidir: “Rusiyanın son zamanlar ətraf ölkələr, o cümlədən keçmiş postsovet məkanına turistik nöqteyi-nəzərdən marağı artıb. Rusiyanın statistik göstəriciləri də onu deməyə əsas verir ki, ən azı son iki ildə keçmiş postsovet respublikalarına səfər edən rusiyalıların sayı ötən illərə nisbətən iki dəfə çoxalıb. Rusiyadan Gürcüstan, Azərbaycan, Baltikyanı ölkələr və Moldovaya turist səfərləri artıb. Bunun səbəbi Ukrayna ilə gərginləşən münasibətlər fonunda bu ölkəyə Rusiyadan səfərlərin, Türkiyə ilə yaşanan problem fonunda həmin istiqamətə, habelə Tunislə Misirə olan turist axınlarının azalması ilə bağlı oldu. Bu fonda, rusiyalı turistlər alternativ marşrutlar seçmək yolunu tutublar ki, həmin marşrutlardan biri də məhz Azərbaycandır. Mətbəxinə, dənizinə, Rusiya vətəndaşlarının burada sərbəst şəkildə əlaqə qurmaq imkanlarına görə getdikcə Azərbaycan istiqaməti şimaldan olan əhali üçün populyar xarakter almağa başlayır. Rusiyadan xaricə ildə təxminən 15-16 milyona qədər ölkə vətəndaşı səfər edir. Onun azı bir milyonunu Azərbaycana cəlb edə bilsək, ölkəmizə turizmdən gələn məbləğin kifayət qədər artmasına nail ola bilərik. Bu da mümkündür. Çünki Rusiya vətəndaşlarının istirahət zamanı nə istədiklərini bilirik. Bu istədiklərini Azərbaycanda təmin etmək, onlara dincəlmələri üçün normal şərait yaratmaq, illərdir öyrəşdikləri dincəlmə üsullarını tətbiq etmək mümkündür. Bu səbəbdən Rusiyadan ölkəmizə əlavə aviareyslərin açılması Azərbaycan iqtisadiyyatı, infrastrukturu üçün kifayət qədər pozitiv bir məqamdır”.
Günel CƏLİLOVA