Misirin “Şəbəb əl-Nil” qəzeti oktyabrın 15-dən start götürən ikinci Bakı Şopinq Festivalı barədə məqalə dərc edib.
“Trend”in məlumatına görə, yazıda bilridilir ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil edilən festival respublikaya turist axınının gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin təşviq edilməsi məqsədini güdür.
Qəzet budəfəki festivalın öz alıcılarını maraqlı tədbirlərlə, əyləncəli proqramlarla və ekskluziv təkliflərlə sevindirdiyini yazır.
Qeyd edilir ki, alıcıların alış-verişdən daha çox həzz alması və qazanması üçün 500-ə yaxın ticarət obyekti, market, turizm şirkəti fesivala qoşulub. Festivalda geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir.
Misir saytı turizm şirkətlərinin də bu festivaldan öz paylarını götürməkdə maraqlı olduqlarını yazır. Bildirilir ki, onların təklif etdikləri həvəsləndirici təkliflərə təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, hotellərdə ən azı 3 gecə qalma, Bakı şopinq festivalında iştirak edən ticarət obyektlərinə şopinq turları daxildir.
Qəzet qeyd edir ki, builki festivalda əsas hədəf xarici turistlərin aktivliyinə nail olmaqdır. Bunun üçün də xüsusi turizm paketləri hazırlanıb: “Hazırda Rusiya, ərəb ölkələri və digər potensial turist cəlbi mümkün olan ölkələrdə turizm paketlərinin satışına başlanılıb”.
İƏT dövlətlərinin xəbər agentlikləri də yazdı…
"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərinin Xəbər Agentlikləri Birliyinin İİNA agentliyi İkinci Bakı Şopinq Festivalı haqda məqalə yayıb. "Bakı Şopinq Festivalı …rəngarəng fəaliyyət və güclü axın" başlıqlı yazıda festivalın dünyanın müxtəlif ölkələrindən olan turistlərin və yerli alıcıların marağını çəkdiyi qeyd edilir.
Məqalədə Şopinq Festivalın əsas məqsədinin turizm sektorunun inkişafı və ölkənin tanıdılması olduğu deyilir, bu məqsədlə tədbir çərçivəsində müxtəlif maraqlı proqramların, əyləncələrin və hədiyyəli lotereya oyunlarının təşkil edildiyi bildirilir.
Məqalədə vurğulanır ki, 500-ə yaxın ticarət obyektinin, marketin, turizm şirkətinin qoşulduğu festival ərzində alıcılara geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir.
Vurğulanır ki, turistləri də yaddan çıxarmayan festival onlar üçün maraqlı təklifləri ilə yadda qalır. Təqdim olunan turist paketlərinə təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, hotellərdə ən azı 3 gecə qalma, Bakı Şopinq Festivalında iştirak edən ticarət obyektlərinə şopinq turlar daxildir.
Livanın milli xəbər agentliyi…
Livanın Milli Xəbər Agentliyi (NNA) də Bakıda keçirilən şopinq festivalı barədə məqalə dərc edib. “II Bakı Festivalı: rəngarəng tədbirlər, daha çox turistin cəlbi və alıcılıq qabiliyyətinin stimullaşdırılması” adlanan məqalədə Bakıda turistlər, alıcılar üçün yaradılan şərait, festival ərəfəsində irəli sürülən maraqlı təkliflər barədə qeyd edilir.
Yazıda vurğulanır ki, bu festivalın təşkilindən məqsəd ölkəyə turist axının təşviqi, əhalinin alıcılıq qabiliyyətinin artırılmasıdır.
Məqalədə Azərbaycana son aylarda gələn turistlərin sayı barədə məlumat verilir. Bildirilir ki, ilin əvvəlindən bəri Azərbaycana gələn turistlərin sayında 21% artım qeydə alınıb.
Həmçinin qeyd olunur ki, bu ilin 8 ayı ərzində xarici turistlər ölkəmizdə 703 milyon dollar xərcləyiblər ki, bu da ötən illə müqayisədə 100 milyon dollar çoxdur.
Livan Milli Xəbər Agentliyi Azərbaycanda turizmin inkişafında bu ildən keçirilən şopinq festivalların rolunu qeyd edib.
Baki-xeber.com