Ramil Osmanlı: "Son zamanlar bazarlarda dizel mühərrikli avtomobillərə tələb artır"
Məlum olduğu kimi, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılaraq onun qiyməti qaldırıldı.
Belə ki, "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpikdən 90 qəpiyə qalxıb.
30 faizlik bu artım avtomobil sahiblərinin büdcəsinə müəyyən qədər təsir edəcək. Çoxları düşünür ki, benzinin bahalaşması mühərriki kiçikhəcmli olan və ya dizel yanacağı ilə işləyən avtomobillərə marağı artıracaq.
Benzinin satış qiyməti 90 qəpiyə yüksələndən sonra belə bir fikir səslənir ki, avtomobil sürənlər büdcəsinə qənaət etmək üçün daha az yanacaq sərf edən avtomobillərə maraq göstərəcək. Hətta avtomobillərini az benzin işlədən maşınlara dəyişənlərin olduğu da bildirilir.
Məsələ ilə bağlı fikir bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, Azərbaycanda mühərriki kiçikhəcmli olan avtomobillərə maraq çox deyil: "Buna baxmayaraq, kiçikhəcmli mühərriklərə maraq az da olsa artacaq. Son zamanlar bazarlarda dizel mühərrikli avtomobillərə tələb artır. Artıq satıcılar bu barədə müəyyən fikirlər səsləndirir. Amma bunun ümumilikdə bazarı əhəmiyyətli şəkildə dəyişdirməsi gözlənilmir".
Həmsöhbətimizin sözlərinə görə, avtomobillərin qiymətində artım müşahidə edilir: "Son 1-2 ay ərzində avtomobillərin qiymətində artım olub. Bu, mövsümlə əlaqəlidir. Yay mövsümündə qısa müddətdə bazarda təklif azalır deyə, qiymət artımı müşahidə olunur".
Günel CƏLİLOVA