İqtisad elmləri doktoru, professor, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin "Dünya iqtisadiyyatı və Azərbaycan" adlı kitabı işıq üzü görüb.
"Baki-xeber”-a daxil olan məlumata görə, kitabda müəllifin 2008-2016-cı illər ərzində Azərbaycanda (əsasən "İqtisadiyyat" qəzetində) və xarici ölkələrdə nəşr olunmuş məqalələri toplu halında verilir və onlara aid olan aktual baxışlar, yeni məlumatlar də əlavə olunur. Kitabın tematikasına müəllifin Milli Məclisdə, onun komitələrində uzunmüddətli fəaliyyəti, Milli Məclisin, MDB Parlamentlərarası Assambleyasının nümayəndələri tərkibində MDB ölkələri parlamentləri üzvlərilə çoxsaylı görüşləri, həmçinin Böyük Britaniyada, İtaliyada, Fransada, Çin Xalq Respublikasında, Kuveytdə, Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Şimali Kiprdə, Ukraynada, Latviyada, Moldovada, Qazaxıstanda və digər ölkələrdə iqtisadçı alimlər ilə dünya iqtisadiyyatının problemləri barədə müzakirələri əhəmiyyətli təsir göstərib. "Dünya iqtisadiyyatı və Azərbaycan" kitabı Azərbaycanın sosial-iqtisadi modelinin uğurlu olmasından bəhs edir. Bildirilir ki, Azərbaycan, dünyada maliyyə və iqtisadi böhranın yaşanmasına baxmayaraq, dayanıqlı iqtisadiyyatını inkişaf etdirir. Kitabdakı məqalələr Azərbaycan iqtisadiyyatının inkişafının konkret sosial-iqtisadi məsələlərindən başlamış dünya iqtisadiyyatının ümumi problemlərinə həsr olunub. Kitab iqtisadçı alimlər, doktorantlar, magistrlar, dünya və Azərbaycan iqtisadiyyatının müasir dövrdəki problemləri maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.
GÜNEL