Məlum olduğu kimi, ötən həftə “Muğanbank” bağlandı. Fəaliyyətini dayandırması həmin bankda əmanəti olan şəxslərin narahatlığına səbəb olub. Qeyd edək ki, 1 oktyabr tarixində “Muğanbank”ın depozit portfelinin həcmi 322,5 milyon manat olub.
Mərkəzi Bankdan bildirilib ki, bu müddətdə Bank üzrə sığortalanmış əmanətlər 216.6 milyon manat təşkil edir. İqtisadçı Samir Əliyev isə öz feysbuk səhifəsində bu məlumatı paylaşaraq, 106 milyon manatlıq vəsaitin taleyinin sual altında olduğunu yazıb.
Məlumata görə, bağlanan bankda sığortalanmayan əmanətlərin həcmi az deyil.
“Əmanətlərin Sığortalanması Fondu fəaliyyətini düzgün, şəffaf qurarsa, bankın əmlakını satırsa, kreditləri qaytarırsa, camaatın vəsaitini də qaytarmalıdır”
Sığortalanmayan əmanətlərin taleyi ilə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənova müraciət etdik.
O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sığortası olmayan vəsaitlərin çoxu şirkətlərin puludur: “Bu da Azərbaycan qanunvericiliyinə görə sığortalanmır. Yəni sahibkarların pullarının sığortası olmur. Bu halda proses necə ola bilər? Əmanətlərin Sığortalanması Fondu ləğvedici rolunu oynayır. Ləğv prosesi də o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu bankın mövcud əmlakını satmalıdır. Buraya daşınan, daşınmaz əmlak, avtomobil, torpaq və s. əmlak növləri daxildir. Əmanətlərin Sığortalanması Fondu da bu əmlakları mümkün qədər baha satmalıdır ki, çoxlu pul əldə etsin.
Onu da deyim ki, Azərbaycandakı müflisləşmiş bankların təcrübəsi göstərir ki, bir qayda olaraq, sahibkarlara heç nə çatmır. Azərbaycanda aparıcı xarici təcrübədən fərqli olaraq bağlanan bankın kreditorlarının heç bir hüquqları yoxdur. Onlara məlumat verilmir, şəffaflıq yoxdur və onlar bu prosesə nəzarət edə bilmirlər. Təəssüf ki, Azərbaycanda belə bir sistem qurulub. Belə götürsək, hələ “Muğanbank”da vəziyyət yaxşıdır. Ona qalsa, “Bank Standard”da sığortalanmayan vəsaitin həcmi 1 milyard 200 milyon manat təşkil edib. “Bank Standard” da 2016-cı ilin oktyabrında bağlanıb və 7 ildir ki, heç kəsə heç nə qaytarılmayıb. Eyni məsələ də burada...”
Ekspert “Muğanbank”da 106 milyon manat sığortasız əmanətin taleyinıə gəlincə bildirdi ki, böyük ehtimalla, bu, sahibkarların, şirkətlərin vəsaitləridir. Qanuna görə, sahibkarın 20 minədək, vətəndaşın isə 100 min manata qədər vəsaiti sığortalıdır. Şirkətlərin pulları isə ümumiyyətlə sığortalı deyil: “Amma bu vəsaitlər batmamalıdır. Əgər Əmanətlərin Sığortalanması Fondu fəaliyyətini düzgün, şəffaf qurarsa, bankın əmlakını satırsa, kreditləri qaytarırsa, camaatın vəsaitini də qaytarmalıdır. Məsələn, “AGbank”da,“Günaybank”da bu imkanlar var idi. Amma bir çox hallarda Fondun qeyri-şəffaf fəaliyyəti nəticəsində bu pulların “başına daş salırlar”. Çünki nəzarət yoxdur. “Muğanbank”a gəldikdə isə, onların bu vəsaitləri qaytaracaq qədər pulu yoxdur”.
Günel CƏLİLOVA