Ölkəmizdə ictimai narazılıq doğuran məsələlərdən biri də aviabiletlərin qiymətlərinin baha olmasıdır. Əksər vətəndaşlar qeyd edirlər ki, AZAL-ın təqdim etdiyi biletlərin qiyməti ucuz deyil. Belə demək olarsa, Azərbaycanda aviabiletlərin qiymətlərinin baha olması faktdır.
Bunu hava yollarının xidmətlərindən istifadə edən sərnişinlər çox yaxşı bilirlər. Uzun zamandır ki, bu məsələ gündəmdədir və müzakirə edilir.
“Aviasiya sahəsində biletlər hava şirkətləri tərəfindən dəyişdirilə bilər. Bəzi hallarda qiymətlər iki dəfəyə yaxın dəyişir. Biletlərin qiymətində hər mil üzrə hər oturacağın uçuş qiyməti nəzərə alınır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, qiymətə təsir edən ən vacib məsələlərdən biri yanacağın qiymətidir.
“AZAL yanacağı dünya qiymətləri ilə alır, heç bir güzəşt yoxdur. Qiymətə təsir edən ikinci məsələ hava gəmilərinin alınması və onlara xidmətlə bağlıdır. Üçüncü məsələ isə kadr hazırlığı məsələləridir.
Demirəm ki, bizim qiymətlər olduğu kimi qalacaq. O təəssürat yaranır ki, bizdə qiymətlər yüksəkdir, ancaq dünya qiymətləri ilə müqayisədə yüksək deyil. Misal üçün, bu il AZAL-ın 20 biletinin 29 avrodan satışı həyata keçirilib”, - deyə nazir müavini əlavə edib.
Nazir müavinin fikirləri həqiqətən də əks-sədaya səbəb oldu, camaat biletlərin bahalığından giley edir, o isə biletlərin baha olmadığını deyir.
“O, əsaslandırılmamış fikir söyləyir”
Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində “Bu məsələdə daha yaxşı olar ki, rəqəmsal inkişaf nazirinin müavinin mövqeyi, səsləndirdiyi fikir əsas kimi götürülməsin. O əsas götürülsün ki, Azərbaycanın sadə vətəndaşları bəzən məcburiyyət qarşısında qalıb AZAL-ın xidmətindən yararlanırlar. Bu baxımdan götürsək, əhalinin böyük hissəsi AZAL-ın uçuş qiymətlərindən narazıdır. İndi nazir müavini İtaliyaya, Romaya ucuz qiymətə reysimiz var deyə bilər. Başqa ölkələrin Azərbaycanda ucuz uçuşlar təşkil etməsi ilə bağlı fikirlər söylənilməsi mümkündür. Amma praktikada biz bunu az müşahidə edirik. Daha çox hansı istiqamətlər üzrə qiymətlərin tənzimlənməsinə, endirilməsinə ehtiyac var? Ən çox Türkiyə, Rusiya istiqamətlərdə uçuşların qiymətini müzakirə etməliyik. Biz Bakı-İstanbul reysinə bir gün sonraya bilet sifariş versək qiymətlər fantastik dərəcədə baha olur. Bir-iki ay əvvəl alınmış biletlərin belə qiyməti odu bahasındadır. Qiymətlərin baha olduğunu necə görməmək olar? Statistikaya görə, ölkəmizdən 21 min tələbə Türkiyədə təhsil alır. Tələbələrin yay və qış tətillərində evlərinə gəlmələri mümkünsüz hala çevrilib. Bu gün alternativ beynəlxalq sərnişindaşımanın olmadığı bir dövrdə uçuş qiymətləri hədsiz dərəcədə bahadır”-deyə bildirdi.
İ.Hüseynlinin sözlərinə görə, əvvəllər bir tələbə 100-120 manata İstanbula gedirdi, qayıdanda eyni qiymətə qayıdırdı, indi isə bu mümkün deyil. O qeyd etdi ki, dəmir yolu və beynəlxalq avtovağzal bir neçə ildir sərnişindaşıma həyata keçirmədiyindən, hər kəsin ümidi hava nəqliyyatına qalır. “Yeganə ümidimiz aviareyslərdir ki, o da AZAL və Türk Hava Yollarının birgə razılaşması əsasında hava nəqliyyatında monopolist bir sistem qurublar, bu da insanlarımıza problem yaradır. Şengen dövətləri bir-birinə 20-30 dollara gedib-gələ bilir. 9 avroya İtaliyadan Berlinə biletlər var. Yaxud Budapeştdən Polşaya 8-10 avroya biletlər var. Bizdə qonşu Gürcüstana olan biletin yaxın tarixə alınanda geri dönüşlə birgə qiyməti 500 manatdır. Bu, 10 kiloluq əl baqajı ilə belədir, amma baqajın çəkisi artıq olsa bu daha fantastik qiymətdir. Nəyə görə 20 kq baqaja görə 50 avro artıq pul ödənilməlidir? Bunu nazir müavini deyir, amma öz mənafelərini müdafiə edərək deyir. O, əsaslandırılmamış fikir söyləyir. Amma xalqın rəyi ondan ibarətdir ki, AZAL konkret olaraq Türk Hava Yolları ilə birgə uçuşlar təşkil edərkən soyğunçuluğa yol verir və qiymətlər fantastik dərəcədə bahadır”-deyə İ.Hüseynli vurğuladı.
Leyla QARAXANLI