Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək.
Maraqlıdır, bu yenilik qızıl bazarına necə təsir edəcək?
“Qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısının nağdsız həyata keçirilməsi qiymətlərə təsir etməyəcək”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu sahədə edilən dəyişikliklərin məqsədi şəffaflığın artırılması və qeyri-nağd ödənişlər ənənəsinin formalaşmasıdır. Məlumdur ki, qeyri-nağd ödənişlər büdcədən yayınmanın qarşısını alır, iqtisadiyyatın leqallaşmasına kömək edir. Bu səbəbdən qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısının nağdsız həyata keçirilməsi müsbət haldır. Onu da deyim ki, bu hal bazarın leqallaşmasına da təkan verəcək. Qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısının nağdsız həyata keçirilməsi zamanı potensial vergi yayınması imkanları aradan qalxacaq. Yeni dəyişikliklə bu məmulatlar satılanda plastik bank kartı və ya köçürmə ilə ödəniş olacağı üçün həmin məhsulların satışının dövriyyədən gizlədilmə ehtimalı aradan qalxır. Bu zaman vergidən yayınmaq üçün başqa tədbirlər həyata keçirmək mümkün deyil”.
Millət vəkili hesab edir ki, qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısının nağdsız həyata keçirilməsi qiymətlərə təsir etməyəcək: “Nəzərə almaq lazımdır ki, bazarda qiymətlər daha çox idxal olunan məhsullara uyğun olaraq formalaşır. Bu səbəbdən də qızıl bazarında qiymət dəyişikliyi gözlənilmir”.
Günel CƏLİLOVA