Azərbaycanın ən böyük qış-yay turizm mərkəzi olan Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ Turizm Mərkəzi”nin 1.2 milyon vergidən yayınması aşkar olunub. Bu, Hesablama Palatası tərəfindən Cəmiyyətdə aparılan audit yoxlaması zamanı üzə çıxıb.
Belə ki, 2022-ci ildə faktiki hesablanmış əmlak vergisinin hesablanmalı əmlak vergisinə nisbətən azaldıldığı müəyyən edilib.
Qeyd edək ki, adıçəkilən istirahət mərkəzinə bir müddət öncə turizmin inkişafı məqsədilə dövlətdən 12 milyon manat həcmində yardım ayrıldı. Həmçinin, “Şahdağ Turizm Mərkəzi” ən çox gəlir əldə edən istirahət mərkəzlərindən biri sayılır. Maraqlıdır, “Şahdağ Turizm Mərkəzi” dövlətdən yardım alır, üstəlik gəliri də olduğu halda niyə vergi borcunu ödəmir?
“Şahdağ Turizm Mərkəzi”ni idarə edənlər arxayındılar ki, büdcədən dotasiya ayrılacaq və o üzdən işlərində dönüş yaratmaqda maraqlı deyillər”
Iqtisadçı ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Şahdağ Turizm Mərkəzi”nin idarəçiliyində problemlər var: “Onu da nəzərə almaq lazımdır ki, “Şahdağ Turizm Mərkəzi” mövsumi olaraq fəaliyyət göstərir. “Şahdağ”ın fəaliyyəti əsas qış ayları üçün nəzərdə tutulub. Bizdə isə qış çox qısa və hava şəraitindən asılıdır. Qış turizmi isə həm də bu şərtlərə bağlıdır. Bu səbəbdən də qanunvericilik bazasında bütün vergilərin yüklənməsi biznes mühitinin məhv olmasına səbəb olur”.
Ekspert hesab edir ki, "Şahdağ" sadəcə mənfəətlə işləmir. Gəliri, satışı olur, amma mənfəətə çıxa bilmir. Mənfəətə çıxa bilməməsinin səbəbi xərc hissəsi ilə bağlıdır. Gəlir hissəsi ilə yox. Oraya xeyli sayda insanlar gedir və bahalı hotellər fəaliyyət göstərir. Kifayət qədər doluluq səviyyəsi də olur. Xüsusilə qış aylarında: “Hətta demək olar ki, həftə içi günlərdə belə yerlər dolu olur. Yəni bu mərkəzin yetərincə qazancı var. Problem odur ki, xərci daha çoxdur. Bu tipli obyektlərin, dövlətin mülkiyyətində olan obyektlərin problemi əsasən xərc hissəsinin azaldılmasına yönəlik addımların olmamasıdır. Uzun illərdir ki, bu tipli obyektlərdə, dövlətin nəzarətində, mülkiyyətində olan obyektlərdə eyni problem müşahidə olunur”.
Ekspert hesab edir ki, “Şahdağ Turizm Mərkəzi”ni idarə edənlər arxayındılar ki, büdcədən dotasiya ayrılacaq və o üzdən işlərində dönüş yaratmaqda maraqlı deyillər. Bu cür idarətmə mexanizmi ilə uğur qazanmaq mümkün deyil. Ona görə də idarəetmə mexanizmi dəyişdirilməlidir: “Ümumiyyətlə, Dövlət Turizm Agentliyi bu kimi məsələlərdə aktiv olmalı, həmin istirahət mərkəzlərini daim diqqətdə saxlamalıdır”.
Günel CƏLİLOVA