Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 343 260 000,0 manat olacaq. Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu, 2023-cü illə müqayisədə 109 531 000 manat, yaxud 24,1 faiz azdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 452 791 000,0 manat nəzərdə tutulub.
Ümumilikdə, Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 7,1 %-ni təşkil edəcək. Məlumat üçün qeyd edək ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
O da məlumdur ki, Naxçıvanın sosial-iqtisadi inkişafında büdcədən ayrılan dotasiyalar önəmli rol oynayır. Belə olan halda maraqlıdır, dotasiyanın həcminin azaldılması Naxçıvanın inkişafına mənfi təsir etməzmi?
“Dotasiyaların azaldılması o demək deyil ki, sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcmi azalır və yaxud da azaldılacaq”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında buna birmənalı yanaşmadı: “Əvvəla, ara-sıra çağırışlar səslənirdi ki, Naxçıvana ayrılan dotasiyaların həcmi azaldılsın. Gələn il üçün Muxtar Respublikaya dotasiyaların həcminin azaldılması müəyyən səbəblərlə bağlıdır. Məsələ ondadır ki, Naxçıvanın idarəetmə sistemində islahatlar həyata keçirilir. İslahatlarla əlaqədar ixtisarlar gedir. Bir sıra idarələr ləğv edilir. İdarələr ləğv olunanda istər-istəməz işçilərin sayı azalır. Nəzərə almaq lazımdır ki, idarəetmə aparatı mərkəzləşmiş büdcədən maliyyələşir. İxtisarların aparılması büdcə ayırmalarının azalmasına öz təsirini göstərir. Dotasiyaların azaldılması o demək deyil ki, sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcmi azalır və yaxud da azaldılacaq. Fikrimcə, bununla bağlı işlər əvvəlki kimi həyata keçiriləcək. Azalma idarəetmə aparatı ilə əlaqədardır. Sistem sadələşdiyi üçün əlavə xərclərin həcmi azalır. Bu, əksər ölkələrdə belədir. Dotasiyaların azalması fonunda, Naxçıvanda iqtisadiyyatın prioritet sahələrini inkişaf etdirmək lazımdır. Bununla bağlı özəl sərmayələrin cəlb olunmasına ehtiyac var. Naxçıvanın özünün resursları var. Sadəcə, elə etmək lazımdır ki, o resurslardan səmərəli istifadə edilsin. Hesab edirəm ki, bütün bunlardan maksimum səmərəli və düzgün istifadə etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, bu gün Naxçıvandan da prioritet sahələr var. Bunlar işğaldan azad olunan ərazilərin bərpasıdır. Bununla əlaqədar dövlət büdcəsindən böyük vəsaitlər ayrılır. Təsadüfi deyil ki, bu ilin ortalarında büdcəyə daxil olan əlavə vəsaitlər işğaldan azad edilən ərazilərin bərpasına yönəldildi”.
Vidadi ORDAHALLI