Azərbaycan Mərkəzi Bankı sentyabr ayı üzrə ən çox şikayət edilən sığorta şirkətlərinin adını açıqlayıb. Ötən ay ən çox şikayət edilən şirkətlər "Xalq Sığorta", “Atəşgah Sığorta” və "Bakı Sığorta" olub.
Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (2,59 indeksi ilə) olub. Ötən ay ən çox şikayət edilən şirkət -“Atəşgah Sığorta” 2.30 indeksi ilə ikinci, "Bakı Sığorta" isə 1.38 indeksi ilə siyahıda üçüncü olub.
Maraqlıdır, sığorta şirkətlərindən şikayətin səbəbi nədir?
“… şirkətlər sığorta məbləğini daha az verməyə, vətəndaşlar isə əksinə, daha çox almağa çalışırlar”
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, adıçəkilən şirkətlərdən ən çox şikayət olunmasına səbəb zərərin qiymətləndirilməsi ilə bağlı yaşanan problemlərdir: “Mərkəzi Bank istehlakçı hüquqlarının müdafiəçisi kimi şikayət indeksi hazırlayıb. Məqsəd sığorta şirkətlərinin fəaliyyətini öyrənməkdir. Mərkəzi Banka edilən şikayətlər, əsasən, avto-nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlə bağlı olur. Yaxşı olar ki, Mərkəzi Bank şikayətlərlə bağlı görülən tədbirləri də açıqlasın, həll yolları müzakirə olunsun”. Ekspert onu da əlavə etdi ki, sığorta şirkətləri ilə bağlı şikayətlər çox vaxt qiymətlə bağlı olur. Sığorta etdirənlə, sığorta şirkəti arasında mübahisə yaranır: “Zərərin qiymətləndirilməsi zamanı şirkətlər sığorta məbləğini daha az verməyə, vətəndaşlar isə əksinə, daha çox almağa çalışırlar. Burada ədalətin bərpa olunması üçün müəyyən işlər görülməlidir. Sığorta müqaviləsi imzalandıqdan sonra hər hansı bir problem olur və ya sığorta şirkəti ləğv olunursa, o zaman İcbari Sığorta Bürosu həmin müqavilənin sonadək arxasındadır. "İcbari sığorta haqqında" qanunda qeyd edilir ki, İcbari Sığorta Bürosunun üzvü olan və lisenziya alan şirkətlər icbari sığorta şəhadətnaməsi satmaq hüququna malikdir. İcbari sığorta bürosu isə bu məsələlərin texniki tərəfini həll edir”.
Günel CƏLİLOVA