Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6% civarında olacağını proqnozlaşdırır. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. O qeyd edib ki, bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108% təşkil edib:
“Yəni əmtəə və xidmətlər 8% bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6% civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir”.
Maraqlıdır, ilin sonuna qədər inflyasiyanın 6% civarında olacağı nə dərəcədə realdır?
“İlin sonuna kimi inflyasiya 6-9 faiz arasında olarsa, bu böyük nailiyyət olar, ancaq bu il üçün inandırıcı görünmür, gələn il üçün buna nail olmaq olar”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ilin sonuna qədər inflyasiyanın 6 faiz olacağı inandırıcı görünmür: “Nəzərə almaq lazımdır ki, cari ilin yanvar-avqust aylarında qiymət artımı 11,7 faiz olub. Mərkəzi Bank sədri inflyasiyanın birrəqəmli olmasını yaxşı hesab etdiyi üçün belə deyib. Ancaq ölkədə inflyasiya 11,7 faiz, yəni ikirəqəmli səviyyədədir”.
Iqtisadçı hesab edir ki, ilin sonuna kimi inflyasiya 6 faizə düşməyəcək. Ümumiyyətlə, ikirəqəmli inflyasiyanın birrəqəmliyə keçməsi gözlənilmir: “Doğrudan da ilin sonuna kimi inflyasiya 6-9 faiz arasında olarsa bu böyük nailiyyət olar. Ancaq bu il üçün inandırıcı görünmür, gələn il üçün buna nail olmaq olar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, 2020, 2021,2022-ci illə müqayisədə inflyasiyanın artım sürəti zəifləyib. Ancaq bu o demək deyil ki, inflyasiyanın aşağı düşməsi qiymətlərin enməsinə səbəb olacaq. Qiymət artımı olacaq, lakin aşağı sürətlə olacaq: “Ümumiyyətlə, yaxın illər ərzində deflyasiya gözlənilmir. Sadəcə, inflyasiya zəifləyəcək”.
Günel CƏLİLOVA