Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl enerji dəhlizi layihəsidir. Burada da biz, Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik. Bu fikri Prezident İlham Əliyev oktyabrın 8-də Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
Bu layihənin texniki-iqtisadi əsaslandırmasının yaxın aylarda hazır olacağını qeyd edən dövlət başçısı bildirib ki, həyata keçiriləcək sözügedən layihə ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək: “Ondan sonra, əminəm ki, konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Beləliklə yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək”.
Ümumilikdə, Gürcüstanla birgə reallaşdırılacaq yaşıl enerji layihələrinin nə kimi əhəmiyyəti olacaq? Ekspertlərin bununla bağlı gözləntiləri nədən ibarətdir?
“Bu, həm də Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyinin daha da güclənməsinə, dövlət gəlirlərinin artmasına xidmət edəcək”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Azərbaycanla Gürcüstan arasında genişmiqyaslı əməkdaşlıq var və bu, özünü yaşıl enerji sahəsində göstərməkdədir. Nəzərə almaq lazımdır ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycanda və Gürcüstanda alternativ mənbələrdən əldə edilən enerjinin Avropa bazarına çıxarılması məsələləri müzakirə olundu. Bu da ondan xəbər verir ki, ölkələrin yaşıl enerji sahəsində əməkdaşlığı həm də Avropa üçün yeni bir idxal imkanları deməkdir. O baxımdan, təbii, bu ondan xəbər verir ki, ölkələr arasındakı əməkdaşlıq həm də praktik olaraq Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək. Bu konteksdən yaşıl enerji potensialı kifayət böyükdür. Məsələ ondadır ki, həm Azərbaycanda, həm Gürcüstanda belə imkanlar var və bunların reallaşması hər iki ölkə üçün faydalı olacaq. Çünki yaşıl enerji sahəsinin şaxələndirilməsi hər iki ölkə üçün yeni ixrac imkanları deməkdir. Bununla yanaşı, ilkin qiymətləndirmələr göstərir ki, Azərbaycanın illik külək enerjisi istehsalı 3 giqavatadək, günəş enerjisi istehsalı isə 1 giqavatadək yüksələcək. Ümumilikdə, yaşıl enerjidən əldə olunan edilən elektrik enerjisinin 80 faizinin ixrac olunması nəzərdə tutulub. Ona görə də yaşıl enerji sahəsində əməkdaşlıq həm də Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyinin daha da gücllənməsinə, dövlət gəlirlərinin artmasına xidmət edəcək. Hər iki ölkə bundan iqtisadi baxımdan qazanacaq. Sözügedən sahə Azərbaycan və Gürcüstanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək. Deməyim odur ki, bunun çoxşaxəli faydası olacaq. Ona görə də hər iki ölkə bundan maksimum istifadə etməlidir. Çünki bu sahədəki potensialdan faydalanmaq tərəflərin iqtisadi maraqlarına uyğundur”.
Vidadi ORDAHALLI