Məlum olduğu kimi, Milli Məclisdə müzakirəyə çıxarılan “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qanun layihəsi Milli Məclisin ötən plenar iclasında müzakirə edilib və birinci oxunuşda səsverməyə qoyularaq qəbul olunub.
Maraqlıdır, qəbul olunan Rəqabət Məcəlləsi iqtisadi münasibətlərə necə təsir edəcək? Rəqabət Məcəlləsi bazarda ucuzluq yarada biləcəkmi?
Əkrəm Həsənov: "Əsas məsələ onların sərtliyi deyil, hamıya eyni qaydada tətbiq olunmasıdır. Buna görə də şəffaflıq olmalıdır"
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, hazırda "Antiinhisar fəaliyyəti haqqında" qanun və "Haqsız rəqabət haqqında" qanunda bu sanksiyalar öz əksini tapıb: "Kimsə inhisarçılıq edirsə, haqsız rəqabətə yol verirsə onlara qarşı cərimələr olur. Haqsız rəqabətin də formaları çoxdur. Hazırda mövcud olan Haqsız Rəqabət haqqında, həm də Rəqabət Məcəlləsi layihəsində də bu məsələlər əksini tapıb. Bunlara görə müxtəlif cərimələr var. Yeni Məcəlləyə görə necə olacaq, hansı məbləğdə sanksiyalar olacaq, onu zaman göstərəcək. Əsas məsələ onların sərtliyi deyil, hamıya eyni qaydada tətbiq olunmasıdır. Buna görə də şəffaflıq olmalıdır. Antiinhisar və haqsız rəqabət məsələləri rəqabət orqanı tərəfindən qeyri-şəffaf şəkildə müəyyən edilməməlidir. Tam şəffaflıq olmalıdır. Bu olmayacaqsa, reallıqda yalnız kimlərəsə sərf etməyən şirkətləri cəzalandırmaq, bazardan çıxaratmaq son nəticədə onun inhisarçılıq, haqsız rəqabətə qulluq edən birinə çevrilməsinə gətirər. Məsələn, hansısa məmurların öz şirkətləri və dövlət şirkəti var. Məmurlar onu qoruyur, onun haqsız rəqabətçiliyinə, inhisarçılığına göz yumurlar. Amma onunla rəqabət aparanlara qarşı sərt tədbirlər görülə bilər. Buna yol vermək ən təhlükəli bir şeydir”.
Vüqar Bayramov: "Sahibkarın bazarda payı kifayət qədər böyükdürsə, onun bazara təsir imkanları da yetərincə çox olur"
Millət vəkili Vüqar Bayramov hesab edir ki, sahibkarın bazarda payı kifayət qədər böyükdürsə, onun bazara təsir imkanları da yetərincə çox olur: "Rəqabət Məcəlləsi layihəsinə əsasən, hər hansı şirkət və ya sahibkar bazarda hökmran mövqeyə malikdirsə, bu halda onun bazara təsiri qiymətləndirilməlidir. Layihədə bu göstərici 50 faiz nəzərdə tutulur. Həm ictimai müzakirədə, həm də komitə iclasındakı çıxışımda mən bu həddin 40 faizə endirilməsini təklif etdim. Çünki Avropa İttifaqında, Gürcüstanda, eləcə də bir sıra ölkələrdə bu rəqəm 40 faiz səviyyəsində qəbul olunub. Fikrimcə, müzakirələrin məhz bu hədd üzərində aparılması daha məqsədəuyğundur".
Günel CƏLİLOVA