Çin Xalq Respublikası ilə ölkəmiz arasında yüsksək səviyyəli münasibətlər, əsasən də iqtisadi tərəfdaşlıq siyasəti hər zaman olduğu kimi bu gün də uğurla davam edir. Xüsusilə bir sıra qabaqcıl Çin şirkətləri ölkəmizin “yaşıl” enerji potensialının artırılmasında, sənaye sahəsinin inkişafında fəal iştirak edirlər. Dünya iqtisadiyatının hegemon qüvvəsi sayılan Çin iqtisadiyyatının ölkəmizə inteqrasiyası heç şübhəsiz ki, ölkəmizin ən müxtəlif sahələrinin iqtisadi inkişafına böyük təkan vermiş olardı.
Bu məqamda Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinə Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə göndərdiyi təbrik məktubunda olduqca həssas bir məqam diqqəti cəlb edir. Prezident İlham Əliyevin təbrik məktubunda deyilir: “Çin şirkətləri uzun müddətdir ki, ölkəmizdə səmərəli fəaliyyət göstərir və dövlətlərarası münasibətlərimizin inkişafında vacib rol oynayırlar. Biz bu əməkdaşlığın işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirildiyini görmək istərdik.” Cənab Prezidentin məktubunda yer alan bu fikirlər azad edilmiş ərazilərimizdə həyata keçirilən və gələcəkdə reallaşdırılacaq layihələrdə Çin şirkətlərinin fəal şəkildə iştirakına mühüm çağırışdır. Bu ölkə iqtisadiyyatının beynəlxalq arenaya inteqrasiyası üçün də önəmli faktordur.
Mətləb Salahov