“Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var”. Bunu Prezident İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Ölkə başçısının sözlərinə görə, Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək: “Və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”.
Ümumilikdə, bütün bu deyilənlərlə bağlı Naxçıvanın potensialını ekspertlər necə dəyərləndirir?
“Nəticədə həm yerli tələbat tam şəkildə “yaşıl enerji” hesabına təmin ediləcək, həm də bunun digər hissəsi ixrac olunacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Vüqar Bayramov ümumən buna müsbət prizmadan yanaşdı: “Azərbaycan və Türkitə bərpa olunan enerjidə kifayət qədər böyük potensiala malikdir. Bu baxımdan yalnız mavi qaz deyil, artıq ənənəvi enerji məhsullarından inovativ enerji məhsulları üzrə əməkdaşlığa keçid reallaşır. Nəzərə almaq lazımdır ki, Azərbaycan həm də Avropa İttifaqının enerji təhlükəsizliyinə 2016-cı ildən sonra alternativ mənbələrdən əldə edilən enerji ilə də töhfə verəcək. Bu konteksdən, təbii ki, qardaş ölkə ilə əməkdaşlıq baxımından yeni imkanlar yaranır. Ona görə də son anlaşma həm də bütövlükdə alternativ enerji mənbələri üzrə əldə edilən enerjinin bölüşdürülməsi və bu sahədə əməkdaşlığın qurulması baxımından vacibdir. Bu, bir daha təsdiq edir ki, Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq çox fərqli sektorlar üzrə dərinləşir. Bu da “yaşıl enerji” sahəsində idxal və ixrac imkanlarının yaradılması anlamına gəlir. Təbii ki, bu, daha dayanıqlı və uzunmüddətli dövrdə enerji əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək. Ümumilikdə, Naxçıvanın əlverişli iqlim şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üçün geniş imkanlar açır. Naxçıvanda havaların isti olması, günəş aktivliyinin yuxarı olması böyük həcmdə elektrik enerjisi istehsal etməyə imkan verir. Ona görə də bu potensialdan maksimum istifadə olunmalıdır. Fikrimcə, bununla bağlı layihələr sistemli və ardıcıl şəkildə həyata keçirilsə, alternativ enerji mənbələrindən alınan enerji istehsalı xeyli artacaq. Nəticədə həm Naxçıvanın elektrik enerjisinə olan tələbatı tam şəkildə “yaşıl enerji” hesabına təmin ediləcək, həm də bunun digər hissəsi ixrac olunacaq. Əlbəttə ki, bununla bağlı ciddi kapital qoyuluşuna, müasir texnologiyalara əsasən günəş elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Bu yöndə də, göründüyü kimi, işlər sürətləndirilir”.
Vidadi ORDAHALLI