23/09/2023 04:00
728 x 90

Biləsuvarın günəbaxan fermerləri çətin duruma düşüblər - çarə kimdədir...

Elxan Əliyev: "Bəzi regionlarda suvarma suyu ilə təminat aşağı səviyyədədir"

img

Biləsuvar rayonunda günəbaxan sahələri kəskin azalıb. Buna səbəb rayonda su probleminin yaşanmasıdır. Rayon fermerlərinin yaydığı məlumata görə, son zamanlar suvarma suyuna tələbat tam ödənilmədiyi üçün Biləsuvarda günəbaxanın əkin hektarında 50 faiz azalma baş verib:

"Bu mövsüm təsərrüfatlarımızda digər bitkilərlə yanaşı, günəbaxan da əkmişik. Lakin builki mövsüm ötən illərlə müqayisədə heç də uğurlu olmayıb. Əvvəllər daha çox bu məhsulu əkərdik. Bu il isə su ilə əlaqədar əkini azaltmışıq. Əvvəllər məhsuldarlıq 25-30 sentner olardı. İndi 15 sentner ancaq gözləyirik. Buna baxmayaraq, məhsul biçilir, hazırda qurutma işi aparılır. Biçin müasir aqreqatla həyata keçirilir. Əl əməyindən istifadə etmirik. Günəbaxan daha sərfəlidir, çünki bir-iki dəfə suvarmaqla məhsul götürmək olur".

Mövzu ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Elxan Əliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda suvarılan torpaqlar geniş ərazini əhatə edir. Bəzi regionlarda suvarma suyu ilə təminat aşağı səviyyədədir: "Kənd təsərrüfatının inkişafı dövlət başçısı tərəfindən prioritet elan olunub. Həmçinin kənd təsərrüfatının inkişafı ilə əlaqədar strateji yol xəritəsi də qəbul edilib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin 38 faizi kənd təsərrüfatında çalışır".

Ekspertin sözlərinə görə, bu problemin həll olunması üçün su anbarları təmizlənməli, əlavə su anbarları tikilməli, qar-yağış suları da anbarlarda ehtiyyat kimi saxlanmalı, yay aylarında lazım olan sahələrə verilməlidir: "Azərbaycanda günəbaxan sahələrinin həcmi o qədər azdır ki, bu rəqəmlərlə müqayisə edildikdə çox ciddi disbalans ortaya çıxır. Hansı ki, Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından günəbaxan və qarğıdalı əkilən sahələrin həcmini kifayət qədər artırmaq da olardı. Bu sahədə yaranan problem həll olunmazsa günəbaxan məhsullarının qiyməti gələcəkdə daha da artacaq. Biləsuvarda günəbaxan sahələrində suvarma probleminin həll olunması üçün aidiyyatı qurumlar öz üzərlərinə düşən işi layiqincə icra etməlidir".

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər