Azərbaycanda bankların dollara tələbi artır. Xüsusən avqust ayında keçirilən valyuta hərraclarında tələbdə artım müşahidə edilir. Qeyd edək ki, avqustun 29-da Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 58,9 milyon ABŞ dolları olubsa, avqustun 8-də bu göstərici 4 milyon ABŞ dolları təşkil edib.
Məlumat üçün bildirək ki, 2023-cü ilin 6 ayında Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı baş tutub. Hesabat dövründə valyuta hərraclarının 98%-də təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub.
Maraqlıdır, Azərbaycanda dollara tələb niyə artır?
Əkrəm Həsənov: “Dollara tələbin artmasında sahibkarların da rolu var”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yay aylarında dollara tələb artır. Çünki bu fəsildə vətəndaşlar istirahət üçün xaricə gedir. Onlara xarici valyuta olaraq əsasən dollar lazım olur.
Həmsöhbətimiz dollara tələbin artmasında sahibkarların da rolunun olduğunu bildirdi: “Həmçinin, xaricdə təhsil haqqına görə də dollara tələb artır. Ancaq onu da deyim ki, bəziləri deyirdi Rusiyada rublun ucuzlaşması fonunda həmin ölkədə yaşayan azərbaycanlılar xarici valyutaya daha çox maraq göstərəcək. Hər halda, bunun tendensiya olub-olmadığı sentyabrda bəlli olacaq. Ümumiyyətlə, valyutaya tələb artırsa, bu, ümumilikdə biznes mühitinin yaxşılaşması deməkdir”.
Vüqar Bayramov: “Dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklərlə bağlıdır”
Millət vəkili Vüqar Bayramov isə bildirdi ki, dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklərlə bağlıdır: “Mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir. Mövsümi faktorlarla bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollara tələbin artması daha çox korporativ faktorlarla bağlıdır”.
Günel CƏLİLOVA