Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramının əhəmiyyəti haqqında danışan millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Cənab Prezidentin həyata keçirdiyi müdrik siyasətin ana xəttini əhalinin sosial rifahının daha da yaxşılaşdırılması təşkil edir və bunun nəticəsidir ki, ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alıb. Son beş ildə Azərbaycanda ənənəvi xarakter almış sosial paketlər icra olunur və 2023-cü ildən qüvvəyə minən 4-cü sosial paketlə sosial tərəqqi özünün yeni mərhələsinə daxil olub. Yeni sosial paketə əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Eləcə də ölkədə müavinətlərin, təqaüdlərin və bir sıra sosial ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artırılıb. Həssas əhali qruplarından olan insanlara yönələn sosial ödənişlərin, o cümlədən 810 min insanın müavinət və təqaüdlərinin artırılması, ünvanlı sosial dövlət yardımının məbləğinin yüksəldilməsi uğurlu sosial siyasətin təzahürləridir. Dövlət mütərəqqi sosial xidmət sisteminin yaradılması, sosial xidmətlərin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması kimi əhəmiyyətli məsələləri diqqətdə saxlayır və bu məqsədlə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” hazırlanıb”.
“Yeni proqram çərçivəsində qarşıdakı illər ərzində sosial sektorun bütün bölmələrində artımı təmin edən siyasətin yürüdülməsi hədəflənib”
Millət vəkilinin sözlərinə görə, Dövlət Proqramı Azərbaycan Respublikasının sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi və sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması üzrə dövlət siyasətinin əsaslarını müəyyən edir. Proqramda əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulub.
A.Hüseynov onu da əlavə etdi ki, yeni proqram çərçivəsində qarşıdakı illər ərzində sosial sektorun bütün bölmələrində artımı təmin edən siyasətin yürüdülməsi hədəflənib. İlk növbədə, əməkhaqlarının artırılması və hamı üçün layiqli həyat səviyyəsinin təmin edilməsi nəzərdə tutulub. Bu tədbirlərə əsasən, işləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaq: “Minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq. Özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaq. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək”.
Günel CƏLİLOVA