Məlum olduğu kimi, Rusiya 23 avqustdan etibarən ölkədən buğda üçün ixrac rüsumunu bir ton üçün 4269,9 rubla qədər artırıb. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, hazırda Rusiyadan buğda və meslin (buğda və çovdarın qarışığı) üçün ixrac rüsumu 3712,8 rubldur.
Həmçinin əlavə olunub ki, arpa üçün ixrac rüsumu hazırda bir ton üçün 439,6 rubl, 23 avqustdan etibarən 860,3 rubl təşkil edəcək, qarğıdalı üçün ixrac rüsumu 2175,1 rubldan 2495,2 rubla qaldırılacaq.
Maraqlıdır, Rusiyadakı dəyişiklik Azərbaycanda buğda, arpa, qarğıdalı və onlardan hazırlanan məhsulların qiymətinə necə təsir edəcək?
“Rusiya ilə güzəştli müqavilə imzalanmasa, Azərbaycan bazarında yanvar ayından sonra un məhsullarında qiymət artımı müşahidə olunacaq”
Aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ötən ilə qədər Azərbaycana idxal olunan buğdanın 90 faizi Rusiyanın payına düşürdü. Bu göstərici cari il ərzində də təkrarlana bilər, ancaq bir az fərqlə. Çünki Qazaxıstandan da buğda idxal edirik.
Ekspert hesab edir ki, Rusiyadakı gömrük rüsümu ilə bağlı dəyişiklik dünya bazarında qiymət artımına səbəb olacaq. Təbii ki, bu hal Azərbaycana idxal olunan buğdanın bahalaşmasına səbəb olacaq: “Məlumat üçün deyim ki, bu il Rusiyada buğda boldur. Təxminən 48 milyon ton buğda ixracı gözlənilir”.
A.Nəsirlinin fikrincə, bahalaşma Azərbaycanın daxilində un və un məhsullarının bahalaşmasına səbəb olmayacaq. Çünki ölkəmizdə un və un məhullarının qiyməti kifayət qədər yüksəkdir: “Bu səbəbdən də hesab edirəm ki, Rusiya ilə güzəştli müqavilə imzalanmasa Azərbaycan bazarında yanvar ayından sonra un məhsullarında qiymət artımı müşahidə olunacaq. Ancaq hazırda sahibkarların xeyli limiti var. Daxili bazarda kifayət qədər xammal ehtiyatımız var. Ancaq müəyyən müddət sonra vəziyyət dəyişəcək”.
Günel CƏLİLOVA