Son zamanlar Azərbaycandan Rusiyaya ixrac olunan bəzi kənd təsərrüfatı mallarının geri qaytarılması ilə bağlı xəbərlər diqqət çəkir. Ölkəmizin, xüsusilə pomidor ixracında maneələrlə qarşılaşdığına şahid oluruq.
Sonuncu dəfə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstan Respublikası üzrə İdarəsi Azərbaycandan 61,2 ton bitki məhsulunun ixracına qadağa qoyub.
Rusiya mətbuatının yazdığına görə, Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb: "Yük avtomobilləri idxal edilən ölkəyə geri qaytarılıb. Məhsulun geri qaytarılmasına fitosanitar sertifikatlara düzəlişlər edilməsi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlməməsi səbəb olub".
Maraqlıdır, məhsulların geri qaytarılması doğrudan da onun keyfiyyəti ilə əlaqədardır, yoxsa başqa səbəblər var?
AQTA: "Məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı bildirdi ki, məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb: “Uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub".
Elxan Əliyev: "İdxal qadağası barədə qərarda siyasi çalarların olması da istisna deyil"
Sosial sahə üzrə ekspert Elxan Əliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın 4 məhsulu Avropa bazarına çıxır: “Qoz, fındıq, balıq və balıq məhsulları, bir də ki, kürü. Qalan məhsullarımız Rusiya bazarına çıxır və orada da problemlər yaşanır. Belə hallar da olub ki, məhsullar ya sərhəddən geri qaytarılıb, yaxud göndərildiyi vilayətlərdə, şəhərlərdə məhv edilib. Özü də bu, təkcə Rusiya tərəfindən edilmir. Əvvəllər Rusiyada belə hallara müəyyən qədər göz yumurdularsa, indi çox ciddi yoxlamalar həyata keçirirlər. Çünki qonşu ölkədə kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsi xeyli yüksəlib. Rusiya tərəfi göndərilən məhsulun keyfiyyət parametrinin aşağı olduğunu əsas gətirərək pomidor və çiyələyi geri qaytarır. Bizim fermerlər bu zərərvericilərə qarşı vaxtlı-vaxtında tədbirlər həyata keçirə bilmirlər. Ölkəyə gətirilən pestisidlərin keyfiyyəti aşağıdır, nəticədə məhsulun keyfiyyəti istənilən səviyyədə olmur".
Ekspert hesab edir ki, idxal qadağası barədə qərarda siyasi çalarların olması da istisna deyil. Zaman-zaman müəyyən səbəblərə görə göndərilən məhsul geri qaytarılıb.
Günel CƏLİLOVA