Azərbaycanda biznes üçün bank kreditlərinin əlçatanlığı daim problemli məsələlərdən biri olub, olmağa da davam edir. Baxmayaraq ki, son illərdə banklarda sərbəst vəsaitlərin getdikcə artması müşahidə olunur, eyni artım sürətini biznes kreditlərinin həcmində görmək mümkün deyil. Belə ki, 2022-ci ilin 8 ayında (yanvar-avqust) Azərbaycanın bank sektorunun kredit portfeli 151.2 milyon manat artaraq 31 avqust 2022-ci il tarixində 18 milyard 638.6 milyon manata çatıb.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd edilir ki, biznes kreditləri 5 milyon manat azalaraq 10 milyard 492 milyon manata, istehlak kreditləri 101.7 milyon manat artaraq 5 milyard 416.7 milyon manata, ipoteka kreditləri isə 54.6 milyon manat artaraq 2 milyard 730 milyon manata çatıb.
Açıqlanan rəqəmlərdən bəlli olur ki, banklar yenə də öz mənfəətlərin düşünərək istehlak kreditlərinin verilməsinə daha çox üstünlük verir. Biznes kreditlərinin həcminin azalması sahibkarlıqla məşğul olmaq istəyənlərinin sayının azalmasına təsir edir.
Əkrəm Həsənov: “Bu gün kreditlərin çoxunu dövlət layihələrini həyata keçirən şirkətlər götürür, özəl biznesdə olanlar isə…”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, yay aylarında adətən heç kim biznes fəaliyyətinə başlamır. Bu proses bir neçə ay davam edərsə, problemin səbəblərini müəyyənləşdirmək olar. Mövsümi faktorla yanaşı bütövlükdə dünyada və bizdəki vəziyyətə nəzər salsaq, biznes aktivliyi və kreditləşmənin artması müşahidə edilmir: “Vəziyyət elə deyil ki, kimsə fəaliyyətini genişləndirməyə başlasın. Nəzərə almaq lazımdır ki, bu gün kreditlərin çoxunu dövlət layihələrini həyata keçirən şirkətlər götürür. Özəl biznesdə olanlar o qədər çox kredit götürmür. Çünki fəaliyyətlərinin genişləndirilməsindən söhbət getmir. O krediti də qaytarmaq lazımdır. Ümumiyyətlə, son vaxtlar uğurlu bizneslərin sayı çox deyil. Bu baxımdan, əgər dövlət layihələri ilə bağlı deyilsə, inanmıram ki, özəl biznes krediti götürməyə meylli olsunlar”.
Kamran Məmmədli: “Banklar istehlak kreditlərinin verilməsinə üstünlük verir”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, banklar biznes kreditinə deyil, istehlak kreditlərinin verilməsinə üstünlük verir: “Təəssüf ki, bəzi insanlar hələ də mənasız yerə borclanmaq, ehtiyac olmadığı halda bankdan vəsait almaq kimi xasiyyətlərindən əl çəkməyib. Krediti almaq asandır, amma ödəmək zaman tələb edir. Bankları şəxsin həmin krediti hansı şərtlər əsasında ödəyəcəyi maraqlandırmır. Bankları ancaq verdiyi borcu geri almaq və üstəlik faiz qazanmaq maraqlandırır.
Bankların biznes kreditinə maraq göstərməməsinin əsas səbəbi sahibkarın götürdüyü borcu geri qaytara bilməməsidir. Banklar risq olduğunu nəzərə alıb biznes kreditlərinin verilişini azaldıb”.
Günel CƏLİLOVA