Xəbər verildiyi kimi, ABŞ-ın maliyyə Nazirliyi Rusiyanın “Mir” ödəniş sistemindən istifadə edənlərə xəbərdarlıq edib. Nazirlik bu sistemi tətbiq edən banklara sanksiya tətbiq ediləcəyini bildirib.
Qeyd edək ki, hazırda “Mir” ödəniş sistemindən Rusiyadan kənarda 9 dövlətdə istifadə edilirdi. Rusiya ilə əməkdaşlıq edən ölkələr banklara sanksiya tətbiq edilməməsi üçün artıq adıçəkilən ödəniş sistemindən imtina edib.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın Rusiya ilə geniş iqtisadi əlaqələri var. Ehtimal edilir ki, əməliyyatlarda “Mir” sistemi vasitəsilə ödənişlər həyata keçirilir. Belə olduğu halda Azərbaycan banklarına sanksiya tətbiq edilə bilərmi?
“Azərbaycanla Rusiya arasında bank əlaqələri kəsilərsə, bu, ölkələrimiz arasında idxal-ixrac əməliyyatlarını bir qədər çətinləşdirəcək”
İqtisadçı Kamran Məmmədli bildirdi ki, dünya iqtisadiyyatı çətin dəyişikliklər astanasındadır: “Bir sıra ölkələr sanskiyaya görə “Mir” sistemi vasitəsilə ödənişdən imtina edib. Bu günlərdə Qazaxıstan, Vyetnam, Özbəkistan, Türkiyə kimi ölkələr bu kartlardan istifadəni dayandırıb. Hamı da başa düşür ki, bu addım sanksiyalara görə atılıb. Hazırda bizi narahat edən məsələ Azərbaycan banklarının bu ödəniş sistemindən istifadə edib-etməməsidir. Azərbaycanın “Mir” ödəniş sistemindən istifadə edib-etmədiyinə dair rəsmi məlumat yoxdur. Azərbaycanın Rusiya ilə geniş iqtisadi əlaqələri var. Bildiyiniz kimi, sanksiyalar çərçivəsində Rusiyanın bank sistemi SWİFT-dən ayrıldı. Bundan sonra Rusiya alternativ "Mir” ödəniş sistemini yaratdı. Moskva alternativ bank sistemi yaratmaqla özünə müttəfiq ölkələrlə "Mir”sistemi vasitəsilə ödənişlər həyata keçirirdi. Təbii ki, Azərbaycanla Rusiya arasında bank əlaqələri kəsilərsə, bu, ölkələrimiz arasında idxal-ixrac əməliyyatları, mal mübadiləsi prosesini bir qədər çətinləşdirəcək”.
Iqtisadçı hesab edir ki, “Mir” kartları ilə əməliyyatların dayandırılması bir sıra ölkələr üçün çətinliklər yarada bilər. Məsələn, Qırğızıstan, Özbəkistan, Ermənistan kimi ölkələrə Rusiyadan pul baratlarının göndərilməsi çətinləşəcək: “Mir” kartlarından istifadənin dayanması Türkiyə üçün də problemlər yarada bilər. Belə ki, bu ölkənin turizm sektorunda Rusiyadan gələn turistlərin rolu kifayət qədər böyükdür. Kartlardan istifadənin dayandırılması Türkiyənin turizm sektoru üçün ciddi problem yarada bilər”.
Günel CƏLİLOVA