Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit risqləri, o cümlədən iri kredit risqləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək. Qaydaya əsasən, Azərbaycanda kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq.
Həmçinin, hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.
Qeyd edək ki, 2018-ci ildən etibarən Azərbaycana çoxsaylı hibrid avtomobillərin gətirilməsi ölkənin avtomobil parkında onların payını əhəmiyyətli şəkildə artırıb. Bu cür maşınlara marağın əsas səbəbi qiymətin münasib, yanacaq sərfiyatının isə az olması ilə bağlıdır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin 10 ayı ərzində ölkəyə 61 milyon manat dəyərində 10 033 ədəd hibrid avtomobil gətirilib. Ölkəyə daha çox Koreya və Yaponiya istehsalı olan “Toyota prius”, “Toyota Corolla” markalı avtomobillər idxal olunur. Bu avtomobillərin istismar müddəti 5-10 il aralığında dəyişir. Onlar yerli bazarda 13-20 min manat aralığında alıcılara təklif olunur.
Onu da bildirək ki, Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra bu avtomobillər gömrük rüsumundan azad edilib. Belə ki, 2022-ci il yanvarın 1-dən istehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergidən azad olunub. Vətəndaşlar hibrid avtomobillərin keyfiyyətindən razı qalsalar da, kredit şərtlərinin ağır olduğunu deyirdilər.
Maraqlıdır, elektromobillərin və hibrid avtomobillərin yeni qaydada kreditləşdirilməsi avtomobil bazarında nə kimi dəyişikliyə səbəb olacaq?
“Yeni qərar ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağa da yardımçı ola bilər”
Iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, yeni qərar bu növ avtomobillərin alışını asanlaşdıracaq: “Azərbaycanda kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlərdən onun dəyərinin 10 faizi qədər ilkin ödənişin tələb edlməsi, hibrid avtomobillərdə isə 40 faizin ödənilməsi bazarda tələbə müsbət təsir edəcək. Belə olan halda əhali daha çox bu tip avtomobil almağa üstünlük verəcək”.
Ekspertin sözlərinə görə, dəyişkilik ekoloji təmiz nəqliyyat vasitələrinə keçidi sürətləndirməyə hesablanıb.
Yeni qərarın qiymətlərə təsir edib-etməyəcəyinə gəlincə, iqtisadçı vurğuladı ki, bu sahədə ciddi dəyişiklik baş verməyəcək: “Qəbul edilən qərar əhalinin həm yeni avtomobil alışına, həm də ətraf mühitə daha az ziyan vuran elektromobil və hibrid avtomobillərə marağın artmasına səbəb olacaq”.
Ekspert hesab edir ki, yeni qərar ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağa da yardımçı ola bilər.
Günel CƏLİLOVA