Məlum olduğu kimi, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib. Dəyişikliyə əsasən, cari ilin iyul ayının 13-dən “Aİ-95” premium markalı benzinin satışı 2,00 manatdan, “Aİ-98” markalı benzinin satışı isə 2,30 manatdan həyata keçirilir. Hər iki benzinin qiyməti 40 qəpik bahalaşıb. Hər iki benzin növü Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir.
Məsələ ondadır ki, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir. Ən əsası odur ki, sözügedən benzin ölkədə istehsal olunmur, xaricdən idxal olunur.
Bütün bunları nəzərə alsaq qiymətin qalxmasının obyektiv əsasları nədən ibarətdir?
Əli Əlirzayev: “Dünyadakı prosesləri nəzərə alsaq, qiymət artımı...”
Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, bir sıra amillər qiymətin artmasına öz təsirini göstərir: “Dünyada son bir ildə neftin qiyməti kəskin qalxıb. Düzdür, Azərbaycan neft istehsal edən ölkədir. Ancaq biz nəzərə almalıyıq ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmur. Hər iki markalı benzin idxal olunur. Belə olan halda qiymətin qaldırılması zərurətə çevrilir. Çünki neftin dünya bazar qiyməti artırsa, o zaman emal olunan neftin qiyməti artmalıdır. Başqa ölkələrdə də benzinin qiyməti qalxır. Xammalın qiyməti qalxırsa, ondan alınan məhsulların da qiyməti yüksəlir. Elə ölkələr var ki, orada artan qiymət kompensasiya edilir. Başqa bir tərəfdən, hazırda ölkədə istehlak olunan benzinin 10 faizə yaxını “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür. Bizdə əsasən “Aİ-92” markalı benzindən və dizel yanacağından istifadə olunur. Dünyadakı prosesləri nəzərə alsaq qiymət artımı qaçılmaz idi. Hesab edirəm ki, sözügedən benzin markalarının istehsalı ölkə daxilində təşkil edilməlidir”.
Rəsul Cahangirli: “... qaçılmaz idi”
Digər ekspert Rəsul Cahangirli də hesab edir ki, qiymət artımı qaçılmaz idi: “Ona görə ki, Azərbaycan həmin yanacaq məhsullarını idxal edirdi. Çünki hələ ki, bizdə həmin yanacaqlar istehsal olunmur. Bakı Neft Emalı Zavodu modernləşdirilmə mərhələsindədir. Belə olan halda başqa variant yox idi. Bəli, istənilən halda qiymət artımı yaxşı qarşılanmır. Ancaq elə məsələlər var ki, buna getməyə məcbursan”.
Vidadi ORDAHALLI