Məlum olduğu kimi, Rusiya iyulun 13-dən buğdanın ixrac rüsumunu 20 faiz artırır. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğdanın ixrac rüsumu iyulun 13-dən etibarən bir ton üçün 5558,9 rubl, yəni 150 manat 9 qəpik təşkil edəcək.
Rusiya Taxıl İttifaqının 2022-ci il yanvarın 1-nə olan məlumatına görə, Qazaxıstan 1000,2 min ton taxıl idxal edərək Rusiya buğdasının alışında lider olub.
Son bir ildə Rusiyadan Azərbaycana 1000,1 min ton buğda ixrac edilib. Maraqlıdır, Rusiyanın buğdanın ixrac rüsumunu artırması qərarı Azərbaycan bazarına necə təsir edəcək?
Ekspertlər bildirib ki, ölkəmizin buğdaya faktiki tələbatı 3 milyon tondan yuxarıdır. Bunun 40 faizi ölkəyə xaricdən idxal olunur. Xaricdən idxal olunan 1 milyon 140 min tondan yuxarı buğdanın 95 faizi Rusiyadan gəlir.
Təkcə bu ilin 5 ayını müqayisə etdikdə, ölkəmizə buğda idxalı 9 faiz azalıb. Yəni ölkəmizdə istehsal olunan buğdanın daxili tələbatın ödənilməsinə təsirləri getdikcə artır.
“Azərbaycan Rusiyadan taxıl almaqda davam edəcəksə, bu, ölkəmizə sərf etməyəcək, çünki...”
Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, ötən ilə qədər Azərbaycanın ən böyük taxıl təchizatçısı Rusiya idi. Ötən il Rusiyadan 907 min ton taxıl idxal olunub: “Rusiyanın buğda ilə bağlı ixrac rusumunu artırması, istər-istəməz, Azərbaycana təsir edəcək. Ancaq onu da nəzərə almaq lazımdır ki, ilin əvvəlindən etibarən Azərbaycan taxılı Qazaxıstandan almağa başlayıb. Qazaxıstanda taxılın qiyməti Rusiya ilə eyni olsa da, daha təhlükəsizdir. Qazaxıstandan taxılın gətirilməsi həm logistika, həm də təhlükəsizlik baxımından sərfəlidir. Nəzərə almaq lazımdır ki, Rusiyaya sanksiyalar tətbiq edilir, pulköçürmələrlə bağlı problem yaşanır. Azərbaycan Rusiyadan taxıl almaqda davam edəcəksə, bu, ölkəmizə sərf etməyəcək. Çünki yeni qərardan sonra Rusiyadan buğda ölkəmizə baha qiymətə gələcək. Bu isə ölkədə buğda və un məmulatlarının qiymətinin qalxmasına səbəb olacaq”.
Günel CƏLİLOVA