Dövlət Sosial Müdafiə Fondunun təklif edilən yeni büdcəsinə görə, hamiləliyə və doğuma görə vəsait 50,0 milyon manatdan 47.1 milyon manatadək azalıb.
Qeyd edək ki, hamiləlik və doğum sosial sığorta hadisəsi hesab olunur və hamiləliyə və doğuma görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.
Hamiləliyə və doğuma görə müavinət hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir.
“Uşağın anadan olmasına görə vəsait artırılırsa, o halda hamiləliyə və doğuma görə ödəniş niyə azaldılır?”
Qeyd edilən təsnifat üzrə vəsaitin azalması barədə fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, Dövlət Sosial Müdafiə Fondunun təklif edilən yeni büdcəsinə görə, hamiləliyə və doğuma görə vəsait 50,0 milyon manatdan 47.1 milyon manatadək azalıb: “Həmçinin uşağın anadan olmasına görə ayrılan vəsait 20 milyon manatdan 24 milyon manata çatdırılır. Bu müsbət məqamdır. 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar xərclər 15,0 milyon manatdan 12.1 milyon manatadək azaldılır. Amma bu 3 istiqamət bir-biri ilə bağlı istiqamətlərdir. Uşağın anadan olmasına görə vəsait artırılırsa, o halda hamiləliyə və doğuma görə ödəniş niyə azaldılır? Uşaqların sayı artırsa, deməli, hamiləlik və doğum sayı da artmalıdır. Bu o deməkdir ki, ölkədə əkiz doğulan uşaqların sayı artıb?! Hamiləlik və doğuşa görə ödənilən vəsaitin və eləcə də uşaqlara qulluğa görə xərcin dürüstləşmiş büdcədə azaldılması səbəblərinin izah edilməsi vacibdir".
Günel CƏLİLOVA