Lombardlar vətəndaşlara müəyyən girov qarşılığında kreditlər verən kommersiya təşkilatlarıdır. Bu təşkilatların faiz dərəcəsinin banklara nisbətən çox olmasına baxmayaraq, əhali arasında kredit əldə etmək üçün lombardlara üz tutanların sayı kifayət qədərdir.
Qeyd edək ki, bu gün lombardların fəaliyyətini tənzimləyən xüsusi bir qanun yoxdur. Mağazaların fəaliyyəti necə adi qaydada və xüsusi öhdəlik, lisenziya olmadan tənzimlənirsə, lombardlarda da o cür olur. Ümumiyyətlə, bu qurumların fəaliyyəti tənzimlənmir. Əsas problem qanunvericilikdən qaynaqlandığına görə də bu qurumlarla bağlı banklar və sığorta şirkətlərinə olduğu kimi xüsusi tələblər yoxdur və bu qurumların fəaliyyəti lisenziyalaşdırılmır. Lisenziyalaşdırma olmadığına görə nəzarət də yoxdur. Nəzarəti lisenziyanı verən qurum həyata keçirir. Ona görə də bu qurumlar ərzaq mağazalarının fəaliyyətinə bənzər fəaliyyət göstərirlər. Qeyd etdiyimiz kimi, lombardlarla bağlı qanunvericilikdə hər hansı nüans olmadığı üçün bu işlə məşğul olanlar vəziyyətdən öz xeyirləri üçün istifadə edirdilər. Onu da qeyd edək ki, lombardların fəaliyyəti ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar yaranmışdı. Buna yeni yaradılan lombardların bir müddət sonra insanların əmanətini də götürərək yoxa çıxmasından tutmuş, əmanət qoyan şəxslərin aldadılmasına, mallarının geri qaytarılmamasına kimi bir çox digər neqativ hallar daxildir. Ancaq artıq bu mümkün olmayacaq. Çünki lombardlarla bağlı yeni qanunvericilik bazası yaradılır. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardlardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir.
Maraqlıdır, lombardlarla bağlı qanunvericilik bazası bu sahədə yaşanan problemləri həll edəcəkmi?
“Lombard qanunlar çərçivəsində normal qaydada işləsə, bu onlara olan etimadı da artıracaq və gələcəkdə lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, bu fəaliyyətin qanunvericilik baxımından təkmilləşdirilməsi vətəndaşların hüquqlarının qorunması üçün vacibdir. Çünki əksər hallarda girovların geri qaytarılması ilə bağlı ciddi narazılıqlar var: “Vətəndaş müəyyən müddət girov qoyduğu qızıla görə ödəniş edir. Ancaq vətəndaşın girov qoyduğu qızılın dəyəri aldığı puldan daha çoxdur. Bəzi hallarda lombard fəaliyyətini dayandırır. Həmin lombarddan borc alan vətəndaş həmin yeri və ya şəxsi tapıb girovu geri ala bilmir. Elə lombardlar var ki, vətəndaşın qızılını dəyişərək ona tamam başqa bir zinət əşyası verir. Bu kimi problemlərə son qoymaq üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi həm də lombardlar üzərində dövlət nəzarətinin sistemləşdirilməsinə imkan verəcək. Əgər lombard qanunlar çərçivəsində normal qaydada işləsə, bu onlara olan etimadı da artıracaq və gələcəkdə lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq”.
Günel CƏLİLOVA