Astara çəltik fermerləri toxumun keyfiyyətinə etiraz etdilər..

Akif Nəsirli: “Fermerlərə vəsait verilir, ancaq o vəsait lazımi səviyyədə deyil”

img

Artıq bölgələrdə çəltik əkininə start verilib. Astaranın Artupa, Səncərədi, Kakalos, Ərçivan və Pensər kəndlərində bir neçə gündür ki, çəltik əkininə başlanıb. Lakin qeyd edilən ərazidə çəltik əkini ilə məşğul olan təsərrüfat sahibləri narazılıq edirlər.

Təsərrüfat  sahibləri qeyd edir ki, nazirlik tərəfindən verilən toxum növü qaneedici səviyyədə deyil, daha məhsuldar toxum istəyirlər, lakin onu tapa bilmirlər. Həmçinin, təsərrüfat sahibləri  texnika ilə bağlı çətinlik yaşayır. 

Qeyd edək ki, bu tip problemlər zamanla gündəmə gətirilir.

  • “Bu sahədə yaşanan problemləri həll etmək üçün fermerə nə qədər vəsait lazım olduğunu mütəxəssis yerindəcə araşdırıb, hesablamalıdır”

Problemin həlli ilə bağlı fikir bildirən iqtisadçı ekspert Akif Nəsirli qeyd etdi ki, neçə ildir təsərrüfat sahiblərinə hökumət tərəfindən subsidiya verilir. Bu sahənin subsidiyalaşdırılması isə bəzi sahələrdə müəyyən problemlərin yaranmasına səbəb olur: “Biz aqrar sektoru subsiyalaşdırmaqla müəyyən şeyləri itiririk. İtkilərə rəğmən kənd təsərrüfatında ciddi nəticələrə nail ola bilmirik. Azərbaycan kənd təsərrüfatına olan tələbatın yarısını yerli məhsul hesabına ödəyir. Bunun da səbəbi yarıtmaz yardımlarla bağlıdır. Məsələn, nazirlik nəyə görə fermerə toxum verməlidir? Aidiyyəti qurumlar şərait yaratmalıdır ki, toxumu tanınmış brend şirkətlər bazarda keyfiyyətli  toxum satsınlar. Fermer keyfiyyətli toxumu bazardan almalıdır. Həmçinin, fermerə kifayət qədər subsidiya verilməlidir ki, təsərrüfatı rentabelli idarə etmək üçün yetərincə vəsaiti olsun. Fermerlərə vəsait verilir, ancaq o vəsait lazımi səviyyədə deyil”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu sahədə yaşanan problemləri həll etmək üçün fermerə nə qədər vəsait lazım olduğunu mütəxəssis yerindəcə araşdırıb, hesablamalıdır: “Əraziyə uyğun olaraq araşdırma aparılandan sonra fermerə məhsulun yetişdirilməsi üçün vəsait verilməlidir ki, həmin vəsaitlə fermer bazarda keyfiyyətli toxum əldə edə bilsin”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər