Rəsmi hesabata görə, 2022-ci il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 26 bankın 486 filialı, 95 şöbəsi olub, bank sektorunda 21031 nəfər çalışıb. Bankların cəmi aktivləri 39 milyard 673,2 milyon manat, cəmi öhdəlikləri 34 milyard 731,7 milyon manat göstərilib.
O da məlumdur ki, ölkədə əmək haqqının ən yüksək olduğu sahələrdən biri də bank sektorudur. Bu sektorda çalışanların aylıq gəlirləri digər sahələrlə müqayisədə yüksəkdir. Ancaq qəribədir ki, son günlər banklarda vakansiyalarla bağlı çoxsaylı elanlara rast gəlinir. Özüdə artan dinamika üzrə bu proseslər gedir. Hansı ki, indiyə qədər belə tendensiya müşahidə olunmayıb. Yəni bu qədər vakansiyanın olması müşahidə edilməyib. Maraqlıdır, bu vakansiyalar banklarda niyə yaranır? İşçilər verilən məvaciblərdən narazı olduğu üçün digər sahələrə üz tutur, yoxsa işçilərin sayının artırılmasına ehtiyac yaranıb?
“Real sektorun inkişafı, vətəndaşların iqtisadiyyatın genişlənməsində iştirakı konteksində maliyyə sektorunun inkişafını müşahidə edirik”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bunun səbəbini 3 amillə əlaqələndirdi: “Məsələ ondadır ki, 2020-ci ildən başlayaraq pandemiya səbəbindən bank sektoruna tələb azaldı. Nəticədə banklar işçilərini ixtisar etməli oldular. Ancaq pandemiyadan sonra bank xidmətlərinə tələbin artması müşahidə olunmağa başladı. Real sektorun inkişafı, vətəndaşların iqtisadiyyatın genişlənməsində iştirakı konteksində həm də maliyyə sektorunun inkişafını müşahidə edirik. Çünki 2021-ci ilin yekunlarında makroiqtisadi göstəricilərə, eləcədə bank sektoru ilə bağlı göstəricilərə diqqət yetirsək görərik ki, artım qeydə alınıb. O cümlədən, kredit və depozit portfeli artıb. Bütün bunların nəticəsində bank xidmətlərinə tələbat artıb. Ona görə də banklarla bağlı vakansiyaların artması 3 səbəblə bağlıdır. Birincisi, bank xidmətlərinə tələb artıb. İkincisi, müsbət iqtisadi fəallıq banklarda işçilərin artırılması zərurətini yaradıb. Üçüncüsü, bu, pandemiyadan sonra bankların yeni məhsulları bazara çıxarmaq istəyi ilə bağlıdır. Çünki bank nə qədər çox məhsul bazara çıxarırsa, nəticədə sektora tələb artır. Bu da işçilərə tələbin artmasına gətirib çıxarır. Bunun səbəbi isə iqtisadiyyatın genişlənməsi ilə bağlıdır. Çünki 2021-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 5,6 faiz artıb. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 554,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çox ümumi daxili məhsul istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 11,4 % artıb. Bütün bunlar bank xidmətlərinə olan tələbi artırır. Ümumilikdə, bütün bunlar bank sektorunda məşğulluğun artmasına öz təsirini göstərir”.
Millət vəkili hesab edir ki, sözügedən dinamika bundan sonra da davam edəcək.
Vidadi ORDAHALLI